Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ martın ortalarınadək Yaxın Şərqdə bütün hərbi qüvvələrini hazırlıq vəziyyətinə gətirməyi planlaşdırır. Bu isə Prezident Donald Trampa İrana qarşı genişmiqyaslı zərbə endirmək imkanı verə bilər. Bu barədə "Bloomberg" amerikalı rəsmi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp kürəkəni Jared Kushner və xüsusi nümayəndə Steve Witkoff ilə görüş keçirib. Onlar Cenevrədə İranla aparılmış danışıqların gedişi barədə prezidentə hesabat veriblər.
Həmin gün rəsmilər situasiya mərkəzində toplaşıb və bildirilib ki, Yaxın Şərqdə yerləşdirilmiş bütün ABŞ qüvvələri martın ortalarınadək mövqelərdə tam hazırlıq vəziyyətinə gətirilməlidir.
Agentlik "FlightRadar24" məlumatlarına istinadla qeyd edir ki, regiona doğru ABŞ hərbi-nəqliyyat təyyarələrinin, yanacaqdaşıyan təyyarələrin, kəşfiyyat və pilotsuz aparatların uçuş aktivliyi artıb. Uçuşlar Qətər, İordaniya, Krit və İspaniyadakı bazalara yönəlib.
Regiona göndərilən texnikalar arasında KC-46 və KC-135 yanacaqdaşıyan təyyarələr, C-130J hərbi-nəqliyyat təyyarələri, E-3 Sentry uzaqməsafəli radiolokasiya təyyarələri və RQ-4 Global Hawk kəşfiyyat dronları var.
Bundan əlavə, bölgəyə “USS Abraham Lincoln” aviadaşıyıcısı üç “Arleigh Burke” tipli esmineslə birlikdə göndərilib. Bu gəmilər “Tomahawk” qanadlı raketləri və F-35C qırıcıları ilə təchiz olunub.
Həmçinin ABŞ-ın ən bahalı hərbi gəmisi sayılan “USS Gerald R. Ford” aviadaşıyıcısı da müşayiətçi esmineslərlə birlikdə regiona istiqamətləndirilib. Onun heyətində F/A-18E və F/A-18F Super Hornet qırıcıları, E-2D uzaqməsafəli radiolokasiya təyyarələri, MH-60S və MH-60R Seahawk helikopterləri, eləcə də C-2A Greyhound nəqliyyat təyyarələri var.
"Bloomberg" qeyd edir ki, İrana qarşı genişmiqyaslı zərbə ABŞ-ı 1991-ci ildən bəri Yaxın Şərqdə üçüncü böyük müharibəyə sürükləyə bilər. Daha əvvəl Vaşinqton Fars körfəzi müharibəsində və 2003–2011-ci illərdə İraq kampaniyasında iştirak edib.
Eyni zamanda, "The Wall Street Journal" yazır ki, prezident hələlik hücumla bağlı yekun qərar verməyib. Müzakirə olunan variantlar arasında rejim dəyişikliyinə təzyiq məqsədilə bir həftəlik zərbələr seriyası və ya İranın hərbi və hökumət obyektlərinə məhdud hücumlar var.
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.