EN

"Sülh şurasında belə bir rəsmin çəkilməsi dünyaya verilən sülh mesajı oldu" -Deputat

Ötən gün Prezident İlham Əliyev ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən Sülh şurasının ilk iclasında iştirak edib. ABŞ Prezidenti Donald Tramp ilə dövlət başçısı İlham Əliyevin səmimi görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. Əlavə olaraq, Donald Tramp dövlət başçısı İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana regionda yaranan sülhə görə təşəkkür edib. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda qeyri-rəsmi, ayaqüstü görüş keçiriblər. 

Milli Məclisin deputatı Hikmıt Babaoğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycan Prezidentinin Sülh Şurasının tədbirində iştirakı zamanı Amerika Birləşmiş Ştatları Prezidenti tərəfindən dostca və səmimiyyətlə qarşılanması iki liderin bir-birinə olan qarşılıqlı hörmətinin ifadəsi idi:

"Çünki Azərbaycan Prezidenti dünyada müharibəni məhz müharibə kimi aparmağı bacaran, sülhü isə sülh kimi əldə etməyi bacaran nadir liderdir. Bu gün artıq hər kəs dərk edir ki, Azərbaycan müharibəni sülh üçün aparırdı və ona nail oldu. Mənə elə gəlir ki, bu, rəğbət doğuran bir hadisədir. Ona görə də Azərbaycan Prezidentinin bu liderlik keyfiyyəti, bu qətiyyəti, bu cəsarəti və sülhə bu qədər sadiqliyi, heç şübhəsiz ki, dünya liderləri tərəfindən də rəğbətlə qarşılanır".

Millət vəkili vurğuladı ki, Donald Tramp bir illik prezidentliyi dövründə təxminən səkkiz müharibəni dayandırdığını dəfələrlə bəyan etsə də, əldə olan və dayanmış tək müharibə Ermənistan və Azərbaycan arasında olan müharibədir:

"Tramp da başa düşür ki, doğrudan da qalıcı və ədalətli sülh Ermənistan və Azərbaycan arasında olacaq. Harada münaqişə varsa, orada bir şəkildə həll olunması və sülh mərhələsində Azərbaycanın yaratdığı sülh modelinin tətbiq olunması bu gün aktualdır. Azərbaycanın çox böyük həvəslə Sülh Şurasında iştirakını şərtləndirən səbəblərdən biri də budur. Ona görə də mənə elə gəlir ki, Sülh Şurasının tədbirində Ermənistanın Baş naziri və Azərbaycan Prezidentinin bir daha görüşməsi və Sülh Şurasının tədbiri fonunda belə bir rəsmin çəkilməsi də dünyaya verilən sülh mesajı oldu. Bir daha Azərbaycanın yaratdığı sülhün, yaratdığı yeni reallığın və bu reallığa əsasən yaranmaqda olan sülhün dünya üçün model əhəmiyyətində olduğu bir növ reklam edilmiş oldu".

Aytəkin TOFİQQIZI

Chosen
69
redaktor.az

1Sources