EN

Portuqaliyaya qayıdan türkiyəli futbolçu Qvardiolanın sabiq köməkçisini təriflədi

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu qış ''Beşiktaş''ı tərk edən futbolçulardan biri də Dəmir Ege Tıknaz oldu. "Football-plus.az" xəbər verir ki, İstanbul nəhənginin öz yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi heç cür Sərgən Yalçının gözünə girə bilmədi. Halbuki o, 2024/25-də icarə əsasında çıxış etdiyi Portuqaliya təmsilçisi ''Riu Ave''də çox yaxşı performans sərgiləmiş və hətta Türkiyə yığmasına da cəlb olunmağa başlamışdı. Dəmir Ege yenə Portuqaliyaya qayıdıb. O, 7 milyon avroya ''Braqa''ya transfer olunub. İstedadlı futbolçu bu transferlə bağlı Türkiyənin ''Tivibu Spor'' kanalına açıqlama verib:

“Braqa hələ ''Riu Ave''də oynadığım dönəmdən mənə maraq göstərirdi. O vaxt atam da demişdi ki, oyun tərzim bu kluba daha çox uyğun gəlir. Ötən yay da məni transfer etməyə cəhd göstərmişdilər. O vaxt bu keçid baş tutmamışdı. Baş məşqçi Karlos Visens uzun illər ''Mançester Siti''nin akademiyasında, eləcə də Xosep Qvardiolanın köməkçisi kimi çalışıb. İndi isə müstəqil şəkildə ideyalarını həyata keçirməyə çalışır. Onunla çalışmaq mənim üçün yeni bir şansdı. Topa və oyuna nəzarət edən bir sistem aşılayır. Hər gün Türkiyə yığmasında oynamaq xəyalları ilə yaşayıram. Dünən Yusuf Akçiçəklə telefonda söhbət etdim. İkimiz də dünya çempionatında yer almaq istəyirik. İnşallah, yenidən yığmaya çağrılmaq mənə qismət olar. Həmişə mövqeyimdə oynayan dünya ulduzlarını diqqətlə təqib edirəm. Rodrini zədələnənə qədər izləyirdim. İndi isə daha çox Subimendi ilə Deklan Raysı təqib edirəm. Hər baxdığım matçda gözüm mərkəz yarımmüdafiəçilərinin üzərində olur. Hər birindən ən yaxşı keyfiyyətləri mənimsəməyə, hərtərəfli futbolçu olmağa çalışıram. ''Beşiktaş''a gəlincə, bu qış heyətdə ciddi dəyişikliklər edildi. Komandaya bir çox yeni oyunçu gəldi. Onların uyğunlaşması müəyyən vaxt aparacaq. Sərgən Yalçın təmaslı, templi oynayan, oyuna nəzarət edən bir komanda qurmağa çalışır. Fanatlarımız səbrli olsa, komanda mütləq istənilən nəticələri qazanmağa başlayacaq''.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
61
1
icma.az

2Sources