EN

Suyun qiyməti bahalaşacaq

Azərbaycanda suyun qiymətinin bahalaşacağı ilə bağlı iddialar mövcud idi. Hərçənd Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir (ADSEA) bununla bağlı Şuraya müraciət etmədiyini açıqlayıb. Lakin gələcəkdə suyun qiymətinin artması ehtimalı nə dərəcədə realdır? Ümumiyyətlə, tariflərin dəyişməsinə hansı amillər təsir göstərə bilər?İqtisadçı ekspert Asif İbrahimov Metbuat.az-a açıqlamasında bildirib ki, ölkəmizdə su təsərrüfatı sahəsində ciddi problemlər mövcuddur: “Həm təminat, həm keyfiyyət, həm də tarif baxımından bu sahə ilə bağlı müəyyən məqamlar var. Əslində su təsərrüfatı ən xərcli sahələrdən biridir. Çünki ölkədə keyfiyyətli su təchizatının həyata keçirilməsi üçün elektrik enerjisi, nasosxanalar, təmizləmə qurğuları, yanacaq və işçi qüvvəsi tələb olunur. Bütün bunlar isə suyun maya dəyərini xeyli artırır. Azərbaycanda hər il, 2024–2025-ci illərdə rəsmi şəkildə tam açıqlanmasa da, zərərlə çalışan dövlət qurumlarından biri də ADSEA-dır. Fraqmentar hesabatlardan görünür ki, bu qurum da zərərlə işləyən strukturlar sırasındadır və dövlət büdcəsindən ona illik təxminən 550–600 milyon manat civarında subsidiya ayrılır. Məsələn, 2024-cü ildə bu rəqəm 540 milyon manat ətrafında olub, 2025-ci ildə də oxşar həcmdə vəsait ayrılıb. Bu isə o deməkdir ki, vətəndaşlardan yığılan tarif və ödənişlər mövcud xərcləri tam qarşılamır”.A.İbrahimovun sözlərinə görə, böyük ehtimalla yaxın vaxtlarda bu barədə rəsmi açıqlama verilsə də, verilməsə də, ümumi inflyasiya və xərclərin artması fonunda tarif dəyişiklikləri gözləniləndir: “Adətən belə dəyişikliklər müxtəlif izahlarla təqdim olunur və bu dəfə də əsas arqument kimi keyfiyyətin artırılması göstərilə bilər. Doğrudan da, qiymətlə yanaşı keyfiyyət məsələsi də ciddi müzakirə mövzusudur. Çünki Azərbaycanda mənzillərə verilən suyun keyfiyyəti çox vaxt aşağı olur. İnsanlar məcbur qalır su filtrləri quraşdırsınlar; quraşdırmadıqda isə evdə istifadə olunan kran və avadanlıqlar tez sıradan çıxır. Yəni faktiki olaraq, baha qiymətə keyfiyyətsiz su ilə təminat halları müşahidə olunur”. İqtisadçi qeyd edib ki, su da daxil olmaqla istənilən məhsul və xidmətin yekun qiymətini onu formalaşdıran xərclər müəyyən edir: “Xərclər nə qədər yüksək olarsa, bu, son qiymətə də təsir edir. Bununla belə, su sosial əhəmiyyətli xidmət sayıldığı üçün xərclərin bir hissəsi dövlət tərəfindən qarşılanır. Amma buna baxmayaraq, maya dəyərinin artması, yeni boru xətlərinin çəkilməsinə ehtiyac, amortizasiya xərclərinin yüksəlməsi kimi amillər bu sahədə əlavə addımların atılmasını zəruri edir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
80
metbuat.az

1Sources