EN

Dəmiryolu üstündə İrəvan-Kreml savaşı başladı, mövqelər açıq deyildi...



Firdovsi Şahbazov: “Ermənistan birtərəfli qaydada Rusiya ilə razılaşmadan çıxacaq”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistan və Rusiya ilə isti münasibətləri olan hər hansı üçüncü ölkənin Ermənistan dəmir yolunu idarə etmək üçün Rusiyadan konsessiya hüququ ala biləcəyi barədə açıqlamasına cavab verib.

Onun fikrincə, Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq təklifi qəribə görünür: “Bilirsiniz, bunlar qəribə açıqlamalardır... Rusiya bütün regional nəqliyyat və iqtisadi əlaqələrin açılmasını ardıcıl olaraq müdafiə edib”.

Ötən həftənin sonlarında Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Ermənistandakı dəmir yolu güzəştini hər iki tərəf üçün dost olan bir ölkəyə - məsələn, Qazaxıstan, BƏƏ və ya Qətərə satmağı təklif edib. Xüsusilə, Paşinyan əvvəllər beynəlxalq tərəfdaşların Moskvanın Ermənistan dəmir yollarına nəzarət etdiyi üçün Naxçıvandan sonra alternativ yollar axtarmağa can atdıqlarını bildirmişdi. Paşinyanın sözlərinə görə, Ermənistanın Rusiyaya qarşı heç bir iddiası yoxdur, lakin Rusiya güzəşti ölkə üçün "müəyyən rəqabət itkiləri" yaradır.

Görünən odur ki, Ermənistan dəmir yollarını Rusiyanın konsessiyasından çıxarıb hər hansı bir üçüncü ölkəyə verməyin tərəfdarıdır. Ancaq Rusiya buna açıq etiraz edir. Belə olan halda indi nə baş verəcək? Paşinyan hakimiyyəti Rusiyaya müraciət edərək İcevandan Qazaxa qədər olan dəmir yolunun, o cümlədən, Gümrüyə və Naxçıvana qədər olan dəmir yollarının bərpasını tələb edir. Rusiyada hardandır vəsait ki, indiki dövrdə həmin yolların bərpasına yönəltsin? Bununla bağlı Rusiya nə konkret cavab verir, nə də işləri sürətləndirmək üçün addımlar atır. Bütün bunların fonunda, Zaxarova həm etirazla çıxış edir, həm də Rusiyanın dəmir yolları ilə bağlı işə töhfə verdiyini, rəqabətə şərait yaratdıqlarını bəyan edir. Bir sözlə, Rusiya nə Ermənistan dəmir yollarını üçüncü tərəfə verməyə razıdır, nə də özü ora kapital qoymağa hazırdır? O zaman nə baş verəcək?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrimcə, belə qeyri-müəyyən vəziyyət uzun müddət davam edə bilməz: “Çünki prosesin uzanması Ermənistanın ziyanınadır. Problem ondadır ki, müxtəlif səbəblərdən Ermənistanın dəmir yol infrastrukturuna 30 il sərmayə qoyulmayıb. Bu, təkcə Ermənistanın Azərbaycanla müharibə vəziyyətində olması ilə bağlı olmayıb. Bu, həm də Abxaziya üzərindən keçən dəmir yolunun bağlı olması ilə əlaqədar olub. Çünki SSRİ dövründə Rusiyadan Ermənistana həm də Gürcüstan vasitəsi ilə dəmir yolu ilə yüklər daşınırdı. Abxaziya Tbilisinin nəzarətindən çıxandan sonra həmin dəmir yolu bağlandı. İndi elə vəziyyət yaranıb ki, Ermənistanda dəmir yollarına, həmin yollarla bağlı olan infrastruktura böyük həcmdə sərmayələr qoyulmalıdır. Bu da yalnız xarici tərəfdaşlar hesabına mümkündür. Ermənistanın özündə belə bir imkan yoxdur. Rusiyanın da Ukraynada gedən müharibə ilə bağlı vəziyyəti ortadadır. Dəmir yolunun bərpası ilə bağlı konkret addımlar atılmasa Ermənistan birtərəfli qaydada Rusiya ilə razılaşmadan çıxacaq. Çünki Rusiyanın bununla bağlı öhdəlikləri var. Prosesin gedişi bunu göstərir. Paşinyan hakimiyyətinin apardığı siyasət bunu göstərir. Özü də üçüncü tərəflər Ermənistan dəmir yollarına maraq göstərir. Məsələn, Birləşmiş Ərəb Əmirliyinin Ermənistanda sərmayə qoyuluşu sürətlə artır. Üstəlik, bu ölkənin layihələrinin arxasında siyasi maraqlar gizlənmir”.

Vidadi ORDAHALLI

Chosen
10
baki-xeber.com

1Sources