EN

Ukraynada hakimiyyət dəyişikliyi: Qərarı Zelenski yox, geosiyasi güclər verəcək?

“Bu amillər seçki olacağı təqdirdə onun əvvəlki kimi güclü mövqedə olmayacağını göstərir”.

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.

media-17319944662125552847673c23625e7c1

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin əvəz edilməsi ilə bağlı yayılan iddialar və etiraf xəbərləri barədə fikirlərini bölüşüb.

Siyasi şərhçi bildirib ki, bu məlumatlar uzun müddətdir dövriyyədə olsa da, ortada konkret və rəsmi təsdiqlənmiş informasiya yoxdur:

“Bəzi ehtimallara görə, Ukraynada prezident seçkilərinə və Rusiya ilə sülh müqaviləsinə dair referendumun keçirilməsinə hazırlıq görülür. Hətta son tarix kimi may ayı göstərilir. Həmçinin bildirilir ki, Zelenski yaxın günlərdə bununla bağlı açıqlama verə bilər. Lakin müharibənin davam etdiyi, Rusiya işğalının dayanmadığı və cəbhədə gərginliyin pik həddə çatdığı bir vaxtda seçkilərin keçirilməsi nə dərəcədə realdır? – Əsas sual məhz budur. Aparılan danışıqların konkret nəticə verməməsi, Rusiyanın geri çəkilmək istəməməsi və Ukraynanın ərazi güzəştlərinə getməməsi vəziyyəti daha da mürəkkəbləşdirir.

Belə kritik məqamda seçki keçirilərsə, Zelenskinin yenidən qalib gələcəyini qəti şəkildə söyləmək çətindir. Dörd ilə yaxındır davam edən müharibə, məhdud resurslarla aparılan ağır mübarizə, orduya rəhbərlik və ölkənin bütövlüyünü qorumaq kimi məsuliyyətlər onun üzərinə böyük yük qoyub. Yorğunluq amili həm cəmiyyət, həm də hakimiyyət daxilində hiss olunur. Müharibə şəraitində yaşamaq, daimi təhlükə siqnalları, itkilər və işğal faktı cəmiyyəti də yormuş vəziyyətdədir. Üstəlik, hakimiyyətə gəldiyi dövrdə onunla birlikdə olan komandanın artıq əvvəlki kimi vahid və güclü olmadığı müşahidə edilir. Bu amillər seçki olacağı təqdirdə onun əvvəlki kimi güclü mövqedə olmayacağını göstərir.

Digər tərəfdən, Zelenskinin gedib-getməməsi və ya seçkilərin keçirilib-keçirilməməsi barədə qərarın yalnız onun iradəsindən asılı olacağı da inandırıcı görünmür. Ukrayna hazırda beynəlxalq siyasətin əsas strateji məkanlarından biridir. Bir sıra dairələr, o cümlədən ABŞ və Avropa ölkələri müharibənin başa çatmasını istəyir və müxtəlif siyasi ssenarilər üzərində işləyirlər. Buna görə də vəziyyətin necə inkişaf edəcəyi böyük ölçüdə ABŞ–Rusiya–Ukrayna danışıqlarının nəticəsindən asılı olacaq. Yekun qərarlar da məhz bu geosiyasi proseslərin fonunda formalaşacaq”, – deyə o bildirib.

"Cebheinfo.az" 

Chosen
11
1
cebheinfo.az

2Sources