EN

Elvin Muradov: Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi 67 şəxsə xidmət göstərir

Bakı, 19 fevral, Nailə Həsənova, foto Səfiyar Məcnun, AZƏRTAC

Bakının Zabrat qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 67 şəxsə sosial xidmət göstərilir.

Bu barədə AZƏRTAC-a açıqlamasında müəssisənin Müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslərin sosial reabilitasiyası şöbəsində çalışan sosial işçi Elvin Muradov məlumat verib.

Onun sözlərinə görə, müəssisəyə yerləşmək üçün əvvəlcə şəxsin özü, yaxud qanuni nümayəndəsi tərəfindən DOST mərkəzlərinə, eləcə də polis orqanlarına edilmiş müraciətlər əsasında qiymətləndirmələr aparılır: "Burada onlara “Sosial xidmət haqqında” Qanuna əsasən, sosial hüquqi, sosial psixoloji, sosial məişət və digər xidmətlər göstərilir. Həmin şəxslər yaşayış yeri, gündəlik qida və geyimlə təmin olunurlar. Onlar sosial xidmətə götürülərkən müvafiq işlər aparılır, sosial işçi, psixoloq, tibb bacıları işə cəlb olunurlar. Hər bir vəziyyət üzrə fərdi plan işlənir. Onların sosial reinteqrasiyasına güclü dəstək göstərilir. Hər vəziyyətə uyğun fərdi yanaşma nümayiş olunur”.

Chosen
55
1
azertag.az

2Sources