EN

Cənubi Qafqazda logistika şəbəkəsinin şaxələnməsi mövcud əlaqələrin genişlənməsinə səbəb olacaq - ŞƏRH

Bakı, 19 fevral, AZƏRTAC

Cənubi Qafqazda regional nəqliyyat və logistika şəbəkəsinin şaxələnməsi mövcud əlaqələrin genişlənməsinə səbəb olacaq. Nəqliyyat infrastrukturunun inkişafı regionda iqtisadi əməkdaşlığın genişlənməsi, ticarət dövriyyəsinin artması və tranzit potensialının güclənməsi baxımından xüsusi strateji əhəmiyyət kəsb edir.

Bunu AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə həyata keçirilən layihələr marşrutların şaxələnməsinə və mövcud beynəlxalq dəhlizlərə yeni bağlantıların yaranmasına şərait yaradır. Nəticədə iqtisadi inteqrasiya dərinləşir, potensial risklər azalır və yeni iqtisadi imkanlar formalaşır.

“Nəqliyyat infrastrukturunun inkişafı yalnız logistika sektoruna deyil, bütövlükdə iqtisadi sistemə müsbət təsir göstərir. Bu proses ixrac imkanlarının genişlənməsinə, ticarət xərclərinin azalmasına, investisiya cəlbediciliyinin artmasına və regionun qlobal iqtisadi əlaqələrdə rolunun güclənməsinə xidmət edir. Eyni zamanda, alternativ nəqliyyat marşrutlarının formalaşması iqtisadi təhlükəsizliyi artırır və ticarət axınlarının davamlılığını təmin edir. Bu kontekstdə beynəlxalq təşkilatların rolu xüsusi vurğulanır. Böyük infrastruktur layihələrinin maliyyələşdirilməsi əhəmiyyətli resurslar tələb etdiyindən beynəlxalq maliyyə institutlarının investisiya və texniki dəstəyi mühüm əhəmiyyət daşıyır. Cənubi Qafqazın inteqrasiyası baxımından qiymətləndirildikdə, yeni nəqliyyat layihələrinin reallaşması ilə yüklərin mərhələli şəkildə çatdırılması mümkün olacaq və risklər minimuma enəcək.

Beynəlxalq təşkilatlar yalnız maliyyə dəstəyi ilə kifayətlənmir. Onlar layihələrin planlaşdırılması, texniki standartların tətbiqi, ekoloji və sosial tələblərin qorunması, eləcə də risklərin idarə olunması sahəsində mühüm ekspertiza təqdim edirlər. Hazırda ölkə daxilində bir sıra iri nəqliyyat və logistika layihələri artıq icra olunub və bu istiqamətdə ciddi irəliləyiş əldə edilib. Bununla belə, regional şəbəkənin tam funksional olması üçün bəzi istiqamətlərdə əlavə investisiyalara ehtiyac qalır. Xüsusilə beynəlxalq nəqliyyat dəhlizlərinin tam bərpası, yeni logistika mərkəzlərinin yaradılması və rəqəmsal nəqliyyat idarəetmə sistemlərinin tətbiqi əlavə maliyyə və texniki resurslar tələb edir”, - deyə ekspert əlavə edib.

R.Ağamirzəyev bildirib ki, beynəlxalq investisiyaların cəlb olunması yalnız konkret layihələrin reallaşdırılması baxımından deyil, həm də qlobal nəqliyyat sistemində daha sıx inteqrasiyanın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır: “Bu investisiyalar regionun tranzit imkanlarını artırmaqla yanaşı, ümumilikdə Avrasiya məkanında nəqliyyat infrastrukturunun bərpasına və inkişafına töhfə verə bilər. Ümumilikdə, nəqliyyat əlaqələrinin bərpası və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi regional iqtisadi strategiyanın əsas prioritetlərindən biri kimi çıxış edir. Bu istiqamətdə ardıcıl addımların atılması ticarət əlaqələrinin genişlənməsinə, iqtisadi sabitliyin möhkəmlənməsinə və uzunmüddətli dayanıqlı inkişafın təmin olunmasına mühüm zəmin yaradır”.

Chosen
87
1
azertag.az

2Sources