Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Azərbaycan dövlətinin Ermənistanla imzalanan yekun sülh prosesi ilə bağlı mövqeyi hər kəsə bəllidir. Bu məsələdə yeganə maneə Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarını ehtiva edən müddəaların hələ də qalmasıdır. Prezident İlham Əliyev bu yaxınlarda Münxen Təhlükəsizlik Konfransında bu mövzu ilə bağlı Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırdı".
Bu sözləri Teleqraf-a Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, əgər Ermənistan öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaları çıxarmayacaqsa, yekun sülh sazişi də imzalanmayacaq:
“Bu məsələ ilə bağlı ölkə başçısı tərəfindən Azərbaycanın mövqeyi bir daha bəyan edildi. 1989-cu ildə Ermənistan dövlət müstəqilliyi ilə bağlı bəyannamə qəbul edilib. Həmin bəyannamədə keçmiş "Dağlıq Qarabağ" Ermənistanın ərazisi kimi təsbit edilib. Ermənistanın mövcud konstitusiyasında da məhz müstəqillik bəyannaməsinə istinad mövcuddur”.
Ziyafət Əsgərova görə, bu gün yekun sülh müqaviləsinin imzalanmasından danışırıqsa, burada da əsas prinsip olaraq ölkələrin ərazi bütövlüyü və suverenliyi başlıca amil kimi qəbul edilir:
“Belə olan halda Ermənistan konstitusiyasında Azərbaycanın suverenliyinə təhdid yaradan hansısa bir normalar saxlanılırsa, bunu heç cür başa düşmək olmaz. Ona görə də, bu mövzu ətrafında heç bir mübahisə ola bilməz. Ermənistanın Baş naziri və digər rəsmi şəxslər isə iddia edirlər ki, guya Konstitusiya Məhkəməsi bu mövzularla bağlı qərar qəbul edib və s. Hətta Konstitusiya Məhkəməsinin Ermənistanın mövcud konstitusiyasında Azərbaycana qarşı hər hansı bir təhdidin olmadığı iddia edilir. Sözsüz ki, Ermənistanın daxilində qəbul edilən qərarlar onların öz işidir. Amma sabah həmin Konstitusiya Məhkəməsinin qəbul etdiyi aktın ləğv edilməyəcəyi ilə bağlı da zəmanət yoxdur. Bu mənada səslənən fikirlərin hamısı söz oyunudur. Azərbaycanın isə bu məsələdə yeganə şərti odur ki, Ermənistan kostitusiyası dəyişildikdən və ölkəmizə qarşı ərazi iddialarını ehtiva edən müddəalar oradan çıxarıldıqdan sonra yekun sülh sazişini imzalamaq mümkün olacaq. Bundan başqa şərt yoxdur”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.