EN

Azərbaycan Asiya ilə Avropa arasında təməli möhkəm körpüdür ŞƏRH

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 fevral, AZƏRTAC

Son vaxtlar Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrində dinamizm müşahidə olunur. Bu prosesdə dünyada formalaşan yeni və daha fərqli tranzit, nəqliyyat-kommunikasiya şəbəkəsi mühüm rol oynayır. Ölkəmiz isə geostrateji mövqeyi və daha da genişlənən tranzit imkanları ilə bu prosesdə vacib halqaya, Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağına çevrilməkdədir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.

O bildirib ki, Şərqi Almaniyanın iqtisadi komitəsinin (Ost-Ausschuss der Deutschen Wirtschaft) məlumatına görə, Almaniya ilə Qazaxıstan və Özbəkistan 80 birgə iqtisadi layihə həyata keçirməyə başlayıblar. Bu layihələrə 4 milyard avro sərmayə yatırılıb.

“Avrasiya İnkişaf Bankının məlumatına əsasən, 2025-ci ilə Mərkəzi Asiyada ümumi daxili məhsul istehsalında (ÜDM) 6,6 faiz artım müşahidə edilib ki, bu da 1,1 faiz Avropadan, 1,6 faiz isə ABŞ-dən çoxdur. Təxminən 10 il əvvəl Özbəkistanda 56 milyard dollar həcmində ÜDM istehsal olunurdusa 2025-ci ildə bu rəqəm 133 milyarda yüksəlib. ÜDM-in artımı Qırğızıstanda 10,3, Qazaxıstanda isə 5,9 faiz artıb. Bütün bu göstəricilər Mərkəzi Asiya respublikalarının dünya bazarına çıxışını təmin edir ki, bunun üçün də nəqliyyat-kommunikasiya olduqca zəruridir. Orta Dəhliz və onun davamı olacaq Zəngəzur dəhlizi Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışını təmin etməklə yanaşı, regionun siyasi baxımdan dəstəklənməsini də təmin edir. Türkdilli ölkələrlə əməkdaşlıq Azərbaycanın xarici siyasətində daim mühüm yer tutub. Təsadüfi deyil ki, türkdilli dövlətlərin birliyinin təməli 1992-ci ildən başlayaraq keçirilən Zirvə görüşləri ilə qoyulub. Bu prosesdə fəal iştirak edən ölkələrdən biri Azərbaycan olub. Keçirilən görüşlərin və aparılan danışıqların nəticəsi olaraq 2009-cu ildə məhz Azərbaycanda, Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) yaradılıb. O vaxt sazişi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzalayıblar”, - deyə deputat vurğulayıb.

S.Qurbanov nəzərə çatdırıb ki, Azərbaycanın türkdilli dövlətlərlə genişlənən əlaqələri Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Qırğızıstanla imzaladığı “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”, Özbəkistanla imzaladığı “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə” və Qazaxıstanla imzalanan “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə”də öz əksini tapır: “İllər keçdikcə, xüsusilə son zamanlar Azərbaycanın və Türkiyənin fəal səyləri nəticəsində Türk Şurasının tərkibi genişlənib. 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Şura Türk Dövlətləri Təşkilatına (TDT) çevrilib. Hazırda təşkilatda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan yer alır. Macarıstan və Türkmənistan isə müşahidəçi dövlətlərdir. TDT-yə üzv ölkələrin yerləşdiyi coğrafiyaya nəzər yetirsək görərik ki, onların mövqeyi Şərqdən Qərbə tam bir marşrut təşkil edir. Azərbaycan isə bu marşrutda açar mövqeyə sahibdir. Bakıda “C6: Vahid region, ortaq gələcək - Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans təsadüfən keçirilmir. Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq regionda sülhün və təhlükəsizliyin hökm sürməsi üçün siyasi addımlar atır. Bu addımlar artıq nəticəsini verməkdədir. ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin regiona səfəri bunun bariz nümunəsidir. Səfər Azərbaycanın sabit inkişaf edəcəyi faktı ortaya qoyur ki, bu da Asiya ilə Avropa arasında təməli möhkəm körpünün yarandığını göstərir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
71
1
azertag.az

2Sources