EN

İranda ABŞ təhdidləri fonunda hərbi obyektlər bərpa olunur

İranda əvvəllər hücuma məruz qalmış mühüm hərbi obyektlərin bərpası işləri aparılır. 

HİT.az xəbər verir ki, bu barədə “The Independent” nəşri yazıb.

Ekspertlərin sözlərinə görə, peyk görüntüləri İranın yaxın vaxtlarda yeni hərbi obyekt üzərində beton qalxan inşa etdiyini və onu torpaqla örtdüyünü göstərir. Bildirilir ki, sözügedən işlər 2024-cü ildə ABŞ-la gərgin münasibətlər fonunda İsrail tərəfindən hücuma məruz qalmış ərazidə aparılır.

Nəşr peyk şəkillərinə istinadən qeyd edir ki, İran 2025-ci ildə İsrailin 12 günlük müharibəsi zamanı ABŞ tərəfindən bombalanmış nüvə obyektində tunel girişlərini torpaq altında gizlədib.

Bununla yanaşı, başqa bir obyektin yaxınlığındakı tunel girişləri möhkəmləndirilib və münaqişə zamanı zərər görmüş raket bazaları bərpa olunub.

Məqalədə vurğulanır ki, bu addımlar İranın İsrail və ABŞ ilə gərgin münasibətlərində açar rol oynayan obyektlərdə fəaliyyətinə işıq salır. Vaşinqton Tehranın nüvə proqramı ilə bağlı razılıq əldə etməyə çalışdığı bir vaxtda ABŞ danışıqların nəticəsiz qalacağı halda hərbi tədbirlərlə hədələyir.

“Parchin” hərbi kompleksi

Nəşr bildirir ki, Tehran şəhərindən 30 kilometr cənub-şərqdə yerləşən strateji əhəmiyyətli “Parchin” hərbi kompleksi Qərb kəşfiyyat orqanları tərəfindən 20 ildən artıq əvvəl ehtimal olunan nüvə silahı sınaqları ilə əlaqələndirilir.

2025-ci il 12 oktyabr tarixli peyk görüntüləri obyektin inkişaf etdiyini göstərir. Şəkillərdə yeni tikilinin karkası və ona bitişik iki kiçik qurğu görünür. 14 noyabr tarixli görüntülərdə isə iri tikilinin üzərində metal damın quraşdırıldığı müşahidə olunur.

13 dekabr tarixli görüntülər obyektin qismən örtüldüyünü göstərir. 16 fevral 2026-cı il tarixinə olan şəkillərdə isə obyekt tamamilə görünməz hala gəlib. Ekspertlərin fikrincə, o, beton konstruksiya ilə gizlədilib.

“Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu” (ISIS) 22 yanvar 2026-cı il tarixli peyk görüntülərinin təhlilində həmin ərazidə “Taleqan 2” kimi müəyyənləşdirilən yeni obyekt ətrafında “beton sarkofaq” tikintisində irəliləyiş qeydə alındığını bildirib.

ISIS noyabr ayında yayımladığı hesabatda qeyd edib ki, şəkillərdə “təxminən 36 metr uzunluğunda və 12 metr diametrində, partlayıcı maddələrin saxlanması üçün konteynerə bənzəyən uzun silindrik kamera”nın binanın daxilində yerləşdirildiyi görünür.

İnstitut vurğulayıb ki, yüksək partlayıcılı konteynerlər nüvə silahının hazırlanması üçün mühüm əhəmiyyət daşıyır, lakin onlar adi silahların hazırlanmasında da istifadə oluna bilər.

“Contested Ground” platformasının məhkəmə görüntü analitiki dam örtüyünün ətraf ərazi ilə oxşar çalarda olduğunu bildirib və onun beton rəngini gizlətmək üçün torpaqla örtülmüş ola biləcəyini istisna etməyib.

ISIS-in təsisçisi Devid Olbrayt “X” sosial şəbəkəsində yazıb ki, danışıqların uzadılması İrana üstünlük verir: “Son iki-üç həftə ərzində İran ‘Taleqan 2’ obyektini gizlətməklə məşğul olub. Daha çox torpaq əlavə edilib və obyekt tezliklə tamamilə tanınmaz bunkərə çevrilə bilər ki, bu da onu hava zərbələrindən ciddi şəkildə qoruyacaq”.

İsfahan nüvə kompleksi

Nəşr xatırladır ki, İsfahandakı kompleks ABŞ tərəfindən iyun ayında bombalanmış üç İran uranın zənginləşdirilməsi zavodundan biridir. Nüvə yanacaq dövriyyəsinə daxil olan obyektlərlə yanaşı, İsfahanda diplomatik mənbələrə görə İranın zənginləşdirilmiş uran ehtiyatlarının böyük hissəsinin saxlanıldığı yeraltı sahə mövcuddur.

Yanvarın sonlarında çəkilmiş peyk görüntüləri kompleks ərazisində iki tunel girişinin yenidən torpaq altında gizlədilməsi cəhdlərini göstərib. Bu barədə ISIS 29 yanvar tarixində məlumat yayıb.

Natanz tunel kompleksi

ISIS-in məlumatına görə, 10 fevral tarixindən etibarən Natanzdan təxminən 2 kilometr aralıda, dağın altında yerləşən tunel kompleksinin iki girişində “möhkəmləndirmə və müdafiənin gücləndirilməsi” işləri aparılır. Natanz ərazisində İranın daha iki uran zənginləşdirmə zavodu yerləşir.

Şiraz raket bazası

İsrailin “Alma Research and Education Center” təşkilatının məlumatına görə, İranın cənubunda, Şiraz şəhərindən təxminən 10 kilometr cənubda yerləşən bu baza orta mənzilli ballistik raketlərin buraxılması imkanına malik 25 əsas bazadan biridir.

Təşkilat bildirir ki, ötənilki müharibə zamanı obyekt yerüstü hissədə cüzi zərər görüb. 3 iyul 2025-ci il və 30 yanvar 2026-cı il tarixli görüntülərin müqayisəsi bazanın əsas logistika və ehtimal olunan komanda kompleksində bərpa və təmizləmə işlərinin aparıldığını göstərir.

Qum raket bazası

“Alma”nın məlumatına görə, Qum şəhərindən təxminən 40 kilometr şimalda yerləşən bu baza yerüstü hissədə orta dərəcəli zədələr alıb. 16 iyul 2025-ci il və 1 fevral 2026-cı il tarixli görüntülərin müqayisəsi zədələnmiş binanın üzərində yeni dam örtüyünün quraşdırıldığını göstərir.

ABŞ və İran: son xəbərlər

Daha əvvəl UNİAN агентliyi ABŞ Prezidenti Donald Trampın İranda rejim dəyişikliyini dəstəklədiyini bəyan etdiyini yazıb. Ağ ev rəhbəri bildirib ki, Pentaqonun regiona ikinci aviadaşıyıcı göndərməsi fonunda Yaxın Şərqdə tezliklə “böyük güc” formalaşa bilər. Tramp İranda hakimiyyətə kimin gəlməli olduğu ilə bağlı konkret ad çəkməsə də, “belə insanların olduğunu” qeyd edib.

ABŞ tərəfi nüvə danışıqlarının İranın ballistik raket proqramını, regiondakı silahlı qruplaşmalara dəstəyini və ölkə daxilində əhaliyə münasibətini də əhatə etməsini istəyir.

“Reuters” agentliyinə danışan iki amerikalı rəsmi isə ABŞ ordusunun Prezident Donald Trampın göstərişi olacağı halda İrana qarşı mümkün uzunmüddətli əməliyyat ssenariləri hazırladığını bildirib. Agentlik qeyd edib ki, söhbət həftələrlə davam edə biləcək potensial hərbi əməliyyatlardan gedir. İran isə daha əvvəl ərazisinə zərbə endiriləcəyi təqdirdə regiondakı istənilən ABŞ hərbi bazasına cavab hücumu edə biləcəyini bəyan edib.

Samir

Chosen
34
hit.az

1Sources