EN

"Arxaik sözlərin, dialekt söz və ifadələrin dilə gətirilməsinin tərəfdarıyıq" - Sevinc Əliyevadan TƏKLİF

Dünən "Medianın dili elmi müzakirə müstəvisində" adlı keçirilən konfransı keçirilib. Konfrans zamanı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan dilində yeni sözlər yaradılmalı, beynəlxalq terminlərin qarşılığı tapılmalıdır.

Akademikin fikirlərinə münasibət bildirən AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva Redaktor.az-a vurğuladı ki, o bu tədbiri əhəmiyyətli hesab edir:

"Çünki orada çox maraqlı təkliflər səsləndirildi. İsa Həbibbəyli giriş nitqi söylədi. Həm cənab prezidentin akademiyanın səksən illik yubileyindəki çıxışını, həm televiziyalara verdiyi müsahibəni Azərbaycan dili ilə əlaqələndirdi, dilimizin düzgün tətbiqi, saflığının qorunması ilə bağlı çox gözəl və geniş təhlil verdi. Beynəlxalq terminlər tərcümə edilmir, onlar dilimizə hazır şəkildə gəlir, yəni həmin terminlərin beynəlxalq səviyyəli olmasının əhəmiyyəti də ondadır ki, hər kəs onu başa düşsün. Amma məsələ bundadır ki, bəzən dilimizdə qarşılığı ola-ola da müəyyən elmi üslubda çox ağır terminologiyadan istifadə olunur. Bunu etmək olmaz. Üslubumuz nə qədər sadə olsa, nitqimiz nə qədər sadə olsa, bir o qədər anlaşıqlı olar. Qarşıdakı insan, oxucu, tələbə, şagird üslubumuzu və dediklərimizin məzmununu bir o qədər yaxşı mənimsəyər".

Professor yeni sözlər yaranması təklifindən də bəhs etdi:

"Biz dəfələrlə təkrar edirik ki, dialektlərimiz çox gözəldir. Təbii ki, aparıcı, sayt nümayəndəsi, müəllim ədəbi dildə danışmalıdır. Biz yalnız ümumi xalq danışıq dilində dialekt xüsusiyyətlərimizdən istifadə edə bilərik. Amma ədəbi dilin tələb olunduğu tətbiq sahəsində biz dialekt nitqimizdən, dialekt ünsürlərdən istifadə edə bilmərik. Televiziya məkanında hər bir aparıcı dialekt xüsusiyyətlərini ədəbi dildə işlətməlidir. Ona görə də müəllim dialektdə danışırsa, onun şagirdləri də dialektdə danışacaq, aparıcı dialektdə danışırsa, təbii ki, tamaşaçı da dialektdə danışacaq. Amma dialektlərimizdə elə uğurlu söz və ifadələr var ki, onlar vaxtilə dilimizin aktiv işlək xüsusiyyətini daşıyan söz və ifadələr olub, lakin onların bir qismi dialektlərdə qalıb, arxaikləşib. Bax, biz bu gün bəzi uğurlu arxaik sözlərin, dialekt söz və ifadələrinin dilə gətirilməsinin tərəfdarıyıq, nəinki alınmaların. Yersiz alınmalarla, yersiz xarici kəlmələrlə nitqimizi ağırlaşdırmaq qətiyyən yolverilməzdir. Aparıcı düşünməlidir ki, ən sadə, ən gözəl, ən anlaşıqlı, zəngin Azərbaycan dilində danışmalıdır".

Sevinc Əliyeva vurğuladı ki, rus və Avropa dilləri vasitəsilə qəbul etdiyimiz elə sözlər var ki, artıq ümumişlək forma qazanıb:

"Onların qarşılığını düşünməliyik. Məsələn, “zaryadka” kimi sözlər; yaxud “otvyortka” sözünün qarşılığını tapdıq və “burac” sözü kifayət qədər uğurlu alındı. Bir vaxt dilimizdə “nəfəslik” sözü əvəzinə “fortoçka” sözündən istifadə olunurdu, amma indi artıq “nəfəslik” sözündən istifadə olunur və bu söz illərdir oturuşub. “Probka” əvəzinə “tıxac” sözündən istifadə olunur və artıq dilimizdə sabitləşib. Biz dilimizə uğurlu, birkomponentli sözləri gətirsək, həmin dilimizdə işlənən, lakin ədəbi Azərbaycan dilinə uyğun olmayan sözləri də əvəz edə bilərik. Yəni bu məsələ dilimizin zənginləşməsi, lüğət tərkibinin zənginləşmə yolu və mənbəyi ilə bağlıdır. Bu mənbə dialekt sözlər ola bilər, ümumxalq danışıq dilindən gələn uğurlu söz və ifadələr ola bilər. Amma biz bunu alınmalar hesabına etməməliyik, xarici kəlmələr hesabına etməməliyik".

Nuriyyə NATİQQIZI

Chosen
75
2
redaktor.az

3Sources