EN

Qalmaqallar kralı - “Yaxşı oğlan” Kənan MM niyə söyüşə keçdi?

Sizi bilmirəm, amma rejissor Kənan Mahmudovun (Kənan MM) adı gələndə mənim ağlıma “Yaraşıqlı oğlanların sevgilisi olmur, yadınızda saxlayın bunu” tipli status cümlələri gəlir... Açığı, düşünürəm ki, tək mənim yox, elə çoxlarının ağlına ilk olaraq onun sosial mediada paylaşdığı emosional və pafoslu fikirlər gəlir. Rejissor və aktyor kimi fəaliyyət göstərsə də, yaradıcılığı ətrafında geniş ictimai müzakirələr demək olar ki, olmur. Şəxsən mən K.Mahmudovun heç bir filmini xatırlamıram.

Dediyinə görə, dram janrında filmlər və seriallar çəkir. Amma onun çəkdiyi kadrlara baxanda süni aktyorlardan başqa heç nə görmürəm. Fikirləri də qalıb “Azıx” dövründə. Elə bilirəm ki, Kənanın həyatdakı əsas məqsədi kiməsə söz atmaq, özünü sübut etmək və qabağındakını “sındırmaq”dan ibarətdir.

Bir sözlə, rejissorun tək dərdi “yaxşı oğlan” statusu almaq və “qaqa” təfəkkürünə sahib olmaqdır. Gəlin hamımız qəbul edək ki, Kənan yaxşı oğlandır.

Dünənədən gündəmi gənc yazıçı Orxan Saffari və rejissor Kənan Mahmudovun müzakirəsi alt-üst edib. Yazıçı sosial media hesabında K.Mahmudov haqqında tənqidi yazı yazıb. O, da buna əsəbiləşərək özünün “Facebook” hesabında paylaşım edib. Belə ki, rejissor yazıçını söyüb, təhqir edib.

Deyəsən, cəmiyyət olaraq tənqidlərə qarşı çox həssasıq. Onlardan dərs çıxartmaqdansa, təhqirlə qarşılıq verməyi daha üstün tuturuq. 

Ortaya çıxan mənzərə bir daha göstərdi ki, biz hələ də tənqidlə polemikanı ayırmaqda çətinlik çəkirik. Halbuki, kino, ədəbiyyat və ümumiyyətlə, sənət sahəsində fikir müxtəlifliyi normaldır. Hətta zəruridir.

Yoldaşlar, yazıçının tək vəzifəsi əsər yazıb kənara çəkilməkdən ibarət deyil axı. Sonra da deyirsiniz ki, heç nəyə etiraz etmirik. Etiraza bu cür cavab verilirsə, onda fikirlərimizi sizlərə necə çatdıraq? Bəlkə söyüş söymək əvəzinə nəticə çıxarmaq haqqında düşünəsiniz?

Kənan Mahmudov görsən həmin yazını oxuyandan sonra niyə onun haqqında bu fikirlərin formalaşmağından narahat oldumu? Ya da ən pis halda oxuyub tam olaraq harada səhv etdiyini düşündümü?

Belə görünür ki, bütün bu yazılanlar heç ona təsir də etməyib. Yox, edibmiş, amma yaxşı formada deyil. Əks halda qarşılığını söyüşlə verməzdi. Deyəsən yoldaş rejissor ən asan yolu söyməkdə görüb.

Özünü güclü hesab edə bilərsən. Amma kimə görə? Nəyə görə? Hansı əsasla bu qənaətə gəlmisən ki, sən hamıdan güclüsən və hamını istədiyin formada təhqir edə bilərsən?

İki sözündən biri namus, qeyrət, abır, tərbiyyə və əxlaqdır. Elədirsə, mən niyə sənin yazdığın söyüşlərin şahidi olmalıyam? Ya da bir başqası, o birisi, bu birisi?

Yaxşı, deyək ki, bunu etmisən. Niyə arxasında durmursan? Paylaşımı silib, hətta sosial media hesabına qədər bağlayırsan. Belə edəndə nə olur ki?

Şübhəsiz, gənc yazarımızın üslubu da mənim ürəyimcə deyil. Həmişə o kimlərisə tənqid edir, bu dəfə də mən onu tənqid edim. Seçdiyi üslub ürək açan deyil. O mənada ürək açan deyil ki, bizim cəmiyyət hələ bu cür tənqidlərə alışmayıb. Bəzi stereotiplər var ki, onları aşa bilmirik. Müqəddəsləşdirdiyimiz insanların bu cür mənfiliklərini görmək içimizdə qəzəb yaradır. Ona görə də çoxluq onun tənqidi yanaşmalarını normal qəbul edə bilmir. Amma hər bir halda yazıçının əsas vəzifəsi yazmaqdır. Onlar bizim görə bilmədiklərimizi görməyi bacarmalıdırlar. Biz də bunu normal qarşılayıb, harada və nəyi səhv etdiyimiz haqqında düşünməliyik.

Bütün bunlarla yanaşı bir neçə il öncə məşhur aktyor və aparıcı İlkin Həsəni və rejissor Kənan MM arasında da qalmaqal yaşanmışdı.

Belə ki, qalmaqala səbəb rejissorun “İlk Media”nın ərsəyə gətirdiyi filmləri ələ salması olmuşdu:

“Sizi “Fəlakətlər”, “Bozbaşlar” gözləyir. Hələ görəcək günləriniz qabaqdadır”,-deyə sosial mediada rəy yazan rejissora aktyor belə cavab vermişdi:

“Bayaq gördüm 2014-cü ildə filmimizin içinə şey eliyən, nədi onun adı, öz imzasını atan Kənan belə bir şərh yazıb. Kənan yaxşı oğlandır. İnşallah yaxşı rejissor da olar”.

Bunlarla yanaşı rejissor aparıcı Azər Zahid, müğənnilər Aynur Dadaşova, Kərim Abbasov, aktyorlar Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev, aktrisa Pərvin Abıyeva, model Səmra Hüseynova və bir çox tanınmışlarla da qalmaqallar yaşayıb. 

Hətta rejissor 2014-cü ildə bir neçə nəfərlə toplaşaraq “razborka”ya getməsi və müğənni Vüqar Muradovu döyməsi faktları ilə də gündəmə gəlmişdi. 

Bayaq dedim axı gəlin hamımız qəbul edək ki, Kənan MM yaxşı oğlandır.

Nəticə olaraq bir həqiqət dəyişmir ki, tənqiddən qaçdıqca sənət də yox olub gedəcək. Tənqidlə üzləşən sənət ya sınmalıdır, ya da güclənməlidir. Kənan MM isə bu dəfə deyəsən güclənməyi seçmədi...  

Aydan Hacı 


Telegram kanalımız
Chosen
33
yenisabah.az

1Sources