EN

Qarabağ Universitetindən türkoloji tədqiqatlara dəyərli töhfə

Bakı, 19 fevral, AZƏRTAC

Qarabağ Universiteti Elm şöbəsinin müdiri filologiya elmləri doktoru Elçin İbrahimovun “Birinci Türkoloji Qurultayda ortaq əlifba, imla və ədəbi dil məsələləri” monoqrafiyası nəşr olunub.

AZƏRTAC xəbər verir ki, universitetinin Elmi şurasının qərarı ilə nəşr edilən kitab 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın yüzilliyinə həsr olunub. Qurultay XX əsrin əvvəllərində Türk dünyasında milli-mədəni inteqrasiyanın və elmi əməkdaşlığın əsasını qoymuş, ortaq dil və yazı birliyinin formalaşdırılması istiqamətində vacib addımlar atmışdı.

Monoqrafiyada Qurultayın əsas mövzularından olan ortaq əlifba, imla və ədəbi dil məsələləri tarixi mənbələr və müasir elmi yanaşmalar əsasında təhlil edilir. Əlifba islahatları, ərəb və Kirill qrafikasından latın əlifbasına keçid təşəbbüsləri, yazı birliyinin yaradılması istiqamətində aparılan müzakirələr hərtərəfli təqdim edilir.

Kitabda, həmçinin ortaq əlifba ideyasının müxtəlif dövrlərdə siyasi, ideoloji və mədəni çalarlarla inkişafı, bu gün Türk dünyasında cərəyan edən inteqrasiya proseslərindəki rolu diqqət mərkəzində saxlanılır. Qurultay iştirakçılarının çıxışları və qəbul olunan qərarların sonrakı illərdə türk dillərinə təsiri konkret faktlarla göstərilir. Beləliklə, monoqrafiya yalnız tarixi konteksti əhatə etmir, həm də ortaq əlifba məsələsinin mürəkkəbliyini və bu gün də aktual olduğunu vurğulayır.

Nəşrin elmi redaktoru filologiya elmləri doktoru, professor Vilayət Quliyev, nəşrə məsul Milli İrsi Mədəni Tarixi Araşdırmalar yayımlarının direktoru Əsəd Aslanoğlu, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Babayeva, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadə, professor Ahmet Buran, tənqidçi, publisist Azər Turan və filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfovdur.

Chosen
64
2
azertag.az

3Sources