EN

Orucun tibbi və elmi baxımdan faydaları

Bakı, 19 fevral, AZƏRTAC

Müasir elmi araşdırmalara əsasən, oruc tutmağın insan sağlamlığına müsbət təsiri çoxsaylı tədqiqatlarda öz təsdiqini tapıb. Qida qəbulunun müəyyən müddət ərzində məhdudlaşdırılması metabolik sistemin yenidən tənzimlənməsinə, enerji mübadiləsinin optimallaşmasına və bir sıra xroniki xəstəlik risklərinin azalmasına səbəb olur. Tibb mütəxəssislərinin ümumi qənaətinə görə, sağlam fərdlərdə düzgün və balanslı şəkildə icra edilən oruc metabolik göstəricilərin yaxşılaşmasına kömək edir. Həzm sistemi xəstəlikləri, ağır reflüks, böyrək daşı, insulinə ehtiyac duyan şəkərli diabet və ya gün ərzində müntəzəm dərman qəbulu tələb edən xroniki xəstəlikləri olan şəxslər mütləq həkim nəzarəti altında qərar verməlidirlər. Müasir tibbi yanaşma da fərdi sağlamlıq vəziyyətinin prioritet məsələ olduğunu vurğulayır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Hacı Cavad məscidinin imamı İbrahim Quliyev deyib. O, orucun metabolik və ürək-damar sisteminə təsirindən danışaraq bildirib: “Oruc zamanı kalori qəbulunun azalması bədəndə piy toxumasının tədricən azalmasına səbəb olur. Bədən çəkisinin azalması arterial təzyiqin normallaşmasına, qanda qlükoza səviyyəsinin tənzimlənməsinə müsbət təsir göstərir. Tədqiqatlar göstərir ki, aralıqlı aclıq mexanizmi insulin həssaslığını artırır və metabolik sindrom riskini azalda bilər. Ürək-damar xəstəlikləri müasir dövrdə geniş yayılmış patologiyalar sırasındadır. Kalorinin nəzarətli məhdudlaşdırılması damar divarında iltihabi proseslərin azalmasına və oksidativ stresin zəifləməsinə səbəb ola bilər. Bu isə uzunmüddətli perspektivdə ürək-damar sağlamlığının qorunmasına xidmət edir”.

İbrahim Quliyev artıq çəki və qeyri-sağlam qidalanma fonunda yaranan piyli qaraciyər probleminin hazırda geniş yayıldığını vurğulayıb: “Çəkinin azalması və metabolik balansın yaxşılaşması qaraciyər hüceyrələrinin funksional vəziyyətinin bərpasına kömək edir. Eyni zamanda, oruc həzm sisteminə nisbi istirahət imkanı yaradır. Qida qəbulunun fasiləli şəkildə dayanması mədə-bağırsaq traktının funksional yükünü azaldır və fermentativ proseslərin daha nizamlı şəkildə baş verməsinə şərait yaradır. Bu da uzunmüddətli dövrdə həzm prosesinin effektivliyini artırır. Elmi araşdırmalar göstərir ki, oruc orqanizmdə bəzi iltihabın azalması ilə müşayiət oluna bilər. İltihabın azalması isə bir çox xroniki xəstəliklərin profilaktikasında mühüm rol oynayır. Orucun psixoloji təsiri də diqqətəlayiqdir. Qida nəzarəti, iradə tərbiyəsi və mənəvi motivasiya insanın daxili sakitliyinə və emosional tarazlığına müsbət təsir göstərir. Psixosomatik tibb sahəsində aparılan müşahidələr göstərir ki, mənəvi motivasiyaya əsaslanan ibadətlər stres səviyyəsinin azalmasına və psixoloji dayanıqlığın artmasına səbəb olur”.

O qeyd edib ki, orucun yalnız fiziki deyil, həm də mənəvi və əxlaqi yönü Qurani-Kərimdə xüsusi vurğulanıb: “Əl-Bəqərə surəsinin 183-cü ayətində deyilir: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc vacib edildi ki, təqvalı olasınız”. Bu ayə göstərir ki, orucun əsas məqsədi təqva və özünənəzarətin formalaşdırılmasıdır. Ayənin davamında Allah-Taala xəstə və səfərdə olan şəxslər üçün asanlıq nəzərdə tutur. Bu isə İslam hüququnda sağlamlığın qorunmasının prioritet məsələ olduğunu açıq şəkildə ortaya qoyur. Həzrət Peyğəmbər buyurub: “Oruc tutun ki, sağlam olasınız”. Bu hədis orucun sağlamlıqla əlaqəsini yığcam şəkildə ifadə edir. Başqa bir hədisdə belə buyrulur: “Bədəninin sənin üzərində haqqı vardır”. Bu prinsip göstərir ki, ibadət insanın sağlamlığına zərər verməməli, əksinə, onun qorunmasına xidmət göstərməlidir. Müasir tibb elmi ilə İslamın prinsipial mövqeyi arasında mühüm uyğunluq mövcuddur. Hər iki yanaşma sağlam fərdlər üçün orucun potensial faydalarını qəbul edir, lakin xəstəlik hallarında fərdi tibbi qiymətləndirməni zəruri sayır. İslam hüququnda da sağlamlığa zərər ehtimalı olan hallarda orucun təxirə salınması və ya tutulmaması icazəlidir.

Elmi araşdırmalar göstərir ki, sağlam fərdlərdə düzgün təşkil edilmiş oruc metabolik sağlamlığın yaxşılaşmasına, iltihabi proseslərin azalmasına, psixoloji sabitliyin artmasına və bəzi xroniki xəstəliklərin riskinin azalmasına səbəb ola bilər. Bununla yanaşı, oruc fərdi sağlamlıq vəziyyəti nəzərə alınmaqla və zərurət olduqda tibbi məsləhətlə icra edilməlidir. Deməli, oruc həm tibbi, həm də mənəvi baxımdan insan həyatında kompleks və çoxşaxəli müsbət təsirə malik ibadət forması kimi qiymətləndirilə bilər”.

 

Chosen
94
1
azertag.az

2Sources