EN

Azərbaycanın logistika rolunda dönüş: Rəşt-Astara dəmir yolunun iqtisadi əhəmiyyəti- ÖZƏL

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm hissəsi olan Rəşt-Astara dəmir yolu layihəsinin praktiki icrasına 1 aprel 2026-cı ildə start veriləcək. 
Rəşt-Astara dəmir yolunun istifadəyə verilməsi Azərbaycan üçün tranzit gəlirləri və regional logistika mövqeyi baxımından hansı real iqtisadi üstünlükləri yarada bilər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib: 
" Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində inşa olunacaq Rəşt-Astara dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycan üçün bir neçə real iqtisadi üstünlük yarada bilər. İlk növbədə, İran və Hind okeanı hövzəsindən Rusiyaya və Şimali Avropaya yönələn yüklərin bir hissəsi Azərbaycan ərazisindən keçəcək. Bu isə tranzit rüsumları, dəmir yolu tarifləri, logistika xidmətləri və əlavə dəyər yaradan sahələr vasitəsilə birbaşa büdcə gəlirlərinin artmasına səbəb olacaq. Yüklərin artımı liman, terminal, anbar və gömrük xidmətlərinə tələbi yüksəldəcək, nəticədə nəqliyyat-logistika sektorunda məşğulluq və özəl investisiyalar genişlənəcək.
Azərbaycanın coğrafi mövqeyi artıq Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişməsində yerləşdiyi üçün bu xətt ölkəni əsas tranzit qovşağa çevirə bilər. Rəşt-Astara bağlantısı İran dəmir yollarını Azərbaycan şəbəkəsi ilə birləşdirərək fasiləsiz rels əlaqəsi yaradacaq və yükdaşımaların vaxtını və xərclərini azaldacaq. Bu, xüsusilə sanksiyalar və alternativ marşrutlara çıxış məhdudiyyətləri fonunda regiondakı daşımalarda sabit və proqnozlaşdırıla bilən yol kimi Azərbaycanın əhəmiyyətini artıra bilər. Uzunmüddətli perspektivdə ölkə yalnız tranzit haqqı qazanan deyil, həm də logistika mərkəzləri və sənaye zonaları vasitəsilə əlavə emal və paylama funksiyası yerinə yetirən regional platformaya çevrilə bilər.
Rəşt-Astara xəttinin işə düşməsi Azərbaycanın logistika strategiyasını daha balanslı və çoxşaxəli edəcək. Hazırda ölkə Orta Dəhliz çərçivəsində Çin-Mərkəzi Asiya-Xəzər-Cənubi Qafqaz-Avropa marşrutu üzrə fəal iştirak edir. Şimal-Cənub istiqamətinin güclənməsi Azərbaycanı təkcə Şərq-Qərb deyil, həm də Cənub-Şimal axınlarında əsas halqaya çevirir. Bu isə risklərin şaxələndirilməsi deməkdir: bir marşrutda yüklər azaldıqda digər istiqamət kompensasiyaedici rol oynaya bilər.
Eyni zamanda müəyyən rəqabət elementi də formalaşa bilər. Əgər Şimal-Cənub xətti daha ucuz və sürətli alternativ təklif edərsə, bəzi yüklər Orta Dəhlizdən həmin istiqamətə yönələ bilər. Lakin praktikada bu marşrutlar bir-birini tam əvəz etmir, çünki coğrafi istiqamətləri və hədəf bazarları fərqlidir. Daha real gözlənti onların paralel inkişafıdır ki, bu da Azərbaycanın ümumi tranzit potensialını artırır. Strategiya baxımından Bakı üçün əsas məsələ tarif siyasətini, rəqəmsal gömrük prosedurlarını və infrastruktur sinxronizasiyasını elə qurmaqdır ki, ölkə hər iki dəhliz üzrə rəqabətqabiliyyətli və etibarlı tərəfdaş olaraq qalmağı bacarsın". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
38
olaylar.az

1Sources