EN

NATO qüvvələrinin Kosovodan çıxması Balkanlarda sabitliyi poza bilər

ABŞ-nin KFOR missiyasını azaltmaq planı Avropadakı müttəfiqlərini narahat edir...

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri yazıb. Nəşrin məlumatına görə, ABŞ NATO-nun Kosovodakı sülhməramlı qüvvələrinin fəaliyyətini tədricən azaltmaq niyyətini diplomatik kanallar vasitəsilə çatdırıb və bu məsələ ilkin müzakirə mərhələsində olsa da, Avropa müttəfiqləri arasında ciddi narahatlıq yaradıb.

KFOR beynəlxalq sülhməramlı missiyası 1999-cu ildə Balkan müharibələrindən sonra fəaliyyətə başlayıb. Hazırda kontingentin tərkibində təxminən 4500 hərbçi xidmət edir və missiya regionda təhlükəsizlik balansının qorunmasında əsas mexanizmlərdən biri hesab olunur.

Anxelluşe Morina adlı ekspert Politoco-ya missiyanın regional sabitlik üçün hələ də “əvəzolunmaz” olduğunu bildirib. Onun fikrincə, NATO qüvvələrinin çıxması Kosovonun şimalındakı serb separatçı qrupları fəallaşdıra bilər və bu proses Serb Respublikası daxil olmaqla regiondakı etnik serb icmaları arasında oxşar tendensiyalara səbəb ola bilər.

Adı açıqlanmayan NATO diplomatı isə qeyd edib ki, missiyanın ixtisarı ilə bağlı cəhdlər ciddi narahatlıq doğurur, çünki Qərbi Balkanlar regionunda vəziyyət qısa müddətdə yenidən gərginləşə bilər.

Hazırda Kosovodakı missiyanın dayandırılması barədə yekun qərar verilməyib. NATO prosedurlarına görə, belə addım alyansın bütün üzv ölkələrinin razılığını tələb edir və bu proses adətən uzun müzakirələr, diplomatik təzyiq və siyasi razılaşmalarla müşayiət olunur.

Poliqon.info

Chosen
75
poliqon.info

1Sources