EN

Şirniyyat mağazasının satıcısını bıçaqlayan şəxslə bağlı qərar çıxarıldı

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunan Akif Hacılının (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. 

 

İttihama görə, hadisə 17 fevral 2025-ci il tarixdə saat 20:11 radələrində paytaxt ərazisində yerləşən “Balaca şirniyyat” mağazasında baş verib.

 

Belə ki, mağazada satıcı işləyən tanışı ilə zərərçəkmiş N.N.-in (adı, soyadı şərtidir) arasında yediyi un məmulatının pulunu verməyəcəyi ilə bağlı zarafat xarakterli söhbətə Akif Hacılı müdaxilə edib. O, zərərçəkmiş şəxsə irad bildirərək mağazanın qarşısında heç bir əsaslı səbəb olmadan onunla sözlü mübahisəyə başlayıb.

 

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeyd münasibət göstərərək cəmiyyətə açıqca hörmətsizlik edib. Daha sonra xuliqanlıq niyyəti ilə üzərində olan bıçaqdan silah qismində istifadə edərək N.N.-ə qarın nahiyəsindən bir dəfə zərbə endirib. Nəticədə zərərçəkmişə qarın nahiyəsinin ön səthinin daxilə nüfuz edən, böyük piylik və nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara yetirilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarət həyat üçün təhlükəli olmaqla qəsdən sağlamlığa ağır zərər vurmaya aid edilib.

 

Toplanmış sübutlar əsasında Akif Hacılının əməli Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah qismində istifadə edilən əşya tətbiq etməklə xuliqanlıq) maddələri ilə tövsif olunub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, qeyd olunan maddələr üzrə təqsirli bilinərək 6 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən müdafiəçi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini, Akif Hacılıya qarşı irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin xaric edilməsini, əməlinin 126.2.4-cü maddədən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmasını və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini xahiş etmişdi.

 

Kamal Məmmədov

Tarix: 19 Fevral 2026, 10:54   
Chosen
54
pravda.az

1Sources