“Koloniallıq dövrümüzün həm əsas, həm də ən mürəkkəb mövzularından biridir”. 1news.az xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfransda çıxış edən antropoloq, “Qara Sivilizasiya” Muzeyinin İdarə heyətinin üzvü Sename Kofi Aqbodjinu səsləndirib. “Biz hazırda nəslimizin davamlılığını təhdid edən üç böyük qlobal təhlükə ilə üz-üzədir. O bildirib ki, bəşəriyyət eyni vaxtda kolonial xarakterli müharibələrin yenidən gündəmə qayıtdığı siyasi müstəvidə, insan nəslinin hökmranlığına son qoya biləcək texnoloji risklər fonunda və planetin resurslarını sürətlə tükəndirən dərin ekoloji böhran şəraitində ciddi ekzistensial təhdidlərlə qarşı-qarşıyadır. “Rəqəmsal texnologiyalarla bağlı təhlükələr də, beynəlxalq hüququn aşınması fonunda meydana çıxan siyasi radikalizm də müəyyən mənada kolonial düşüncənin davamıdır. Bu təhdidlər planetin özünü bərpa imkanlarının zəiflədiyi qlobal böhran mərhələsinin təzahürüdür”, – deyə o vurğulayıb.