EN

Ramazan ayında necə qidalanmaq lazımdır? - Dietoloqdan XƏBƏRDARLIQ

Ramazan ayında qidalanma məsələsi xüsusilə gündəmə gəlir. Gün ərzində uzun müddət ac və susuz qalmaq orqanizmə ciddi təsir göstərir və bu dövrdə düzgün qidalanma daha da vacib olur. Planlı və balanslı qidalanma həm enerjini qorumağa, həm də sağlamlıq problemlərinin qarşısını almağa kömək edir.

Bəs Ramazan ayında necə qidalanmaq lazımdır?

Dietoloq Rəna Həsənova Day.Az-a açıqlamasında deyib ki, oruc tutanlar ilk növbədə gün boyu enerjini stabil saxlamağa, susuzlaşmanın qarşısını almağa, həzm sistemini yükləməməyə və əzələ itkisini minimuma endirməyə diqqət etməlidirlər.

"İmsakda kompleks karbohidratlara, məsələn yulaf və tam taxıl çörəyinə üstünlük verilməlidir. Bu qidalar enerjini tədricən buraxaraq uzun müddət toxluq yaradır. Yumurta, kəsmik və qatıq kimi keyfiyyətli zülal mənbələri mütləq rasionda olmalıdır. Qoz, badam, zeytun və avokado kimi sağlam yağlar da faydalıdır. İmsak zamanı kifayət qədər su içmək vacibdir. Sadə şəkər, ağ çörək və şirniyyat isə tez acıqdıra və qan şəkərində dalğalanma yarada bilər."

Rəna Həsənova bildirib ki, iftarda orucu 1-2 xurma və ya su ilə açmaq tövsiyə olunur.

"Daha sonra yüngül bir şorba içmək və 15-20 dəqiqə fasilə vermək mədəni əsas yeməyə hazırlayır. Əsas yemək balanslı olmalıdır: zülal mənbəyi (ət, toyuq, balıq), tərəvəz və az miqdarda kompleks karbohidrat. Birdən-birə çox yemək, qızartmalar və hər gün şəkərli desertlər həzm problemlərinə və çəki artımına səbəb ola bilər. İftarla imsak arasında 1.5-2.5 litr su içmək məsləhətdir və su bölərək qəbul edilməlidir."

Sistemsiz qidalanma hansı problemlərə səbəb olar?

Dietoloq deyib ki, sistemsiz qidalanma mədə problemləri, qastrit, reflüks, köp və şişkinlik, qan şəkərinin dalğalanması, halsızlıq, baş gicəllənməsi, əsəbilik, susuzlaşma, baş ağrısı, qəbizlik, təzyiq düşməsi və çəki artımı ilə nəticələnə bilər.

"Axşam həddindən artıq kalori qəbulu, şirniyyat və xəmir məhsullarının çox istifadəsi çəki artımını sürətləndirir. Zülal çatışmazlığı olduqda isə əzələ itkisi baş verə bilər. Diabet xəstələri, təzyiq problemi olanlar, mədə-bağırsaq xəstəlikləri olanlar, hamilə və süd verən qadınlar oruc tutarkən mütləq həkim nəzarətindəz olmalıdırlar."

Elvin Səxavətoğlu 
Day.Az

Chosen
84
day.az

1Sources