EN

bp platformalardakı əməliyyatları və texniki xidmət işləri üzrə müqaviləni yeniləyib

bp “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yatağının və “Şahdəniz” qaz yatağının operatoru kimi bu gün platformalardakı qazma qurğularının əməliyyatları və texniki xidmət işləri üzrə SOCAR AQŞ və ABŞ-nin “Helmerich & Payne” (H&P) şirkətinin birgə müəssisəsi olan “Turan Drilling & Engineering Company” MMC ilə müqavilənin yeniləndiyini elan edib.

Şirkətdən verilən məlumata görə, yenilənən müqavilə Xəzər dənizində bp-nin idarə etdiyi səkkiz neft və qaz hasilatı platforması – “Mərkəzi Azəri”, “Şərqi Azəri”, “Qərbi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq”, “Çıraq”, ACE və “Şahdəniz Alfa” platformalarının istismar əməliyyatları və texniki xidmət işlərini əhatə edir. Müqavilənin iş həcminə personal dəstəyi, texniki xidmət işlərinin icrası, ehtiyat hissələrin idarə olunması, anbar təsərrüfatının təşkili, eləcə də qurğuların bütövlüyü və konstruksiyaların texniki xidməti üzrə yeni yaradılmış mühəndislik qrupunun idarə edilməsi daxildir.

2026-cı ilin mart ayından qüvvəyə minəcək bu müqavilənin ilkin müddəti beş ildir, sonra isə üç dəfə birillik müddətə uzadılma imkanı da var. Müqavilənin ümumi dəyəri hər üç uzadılma müddətinin həyata keçəcəyi halda 1 milyard ABŞ dollarından çox ola bilər.

Bu, Xəzər regionunda bp-nin güclü yerli tərəfdaşlığı olan şirkətlə bağladığı növbəti bir iri müqavilədir. Bu müqavilə bp və tərəfdaşlarının Azərbaycanda fəaliyyətə başladığı vaxtdan əsas öhdəlik kimi yerli potensialın inkişaf etdirilməsi üzrə həyata keçirdikləri uzunmüddətli strategiyanın daha bir əməli təsdiqidir. Yenilənən müqavilə həmçinin bp-nin SOCAR ilə sıx əməkdaşlıq edərək Xəzərdəki ehtiyatların daha səmərəli və rəqabətədavamlı şəkildə işlənməsinə dair biznes məqsədinə uyğundur.

Chosen
24
11
vergiler.az

10Sources