Budapeşt, 18 fevral, AZƏRTAC
İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında xizək yarışları üzrə komanda sprintinin finişi zamanı qeyri-adi hadisə baş verib.
AZƏRTAC xəbər verir ki, finiş xəttinə bir neçə metr qalmış canavara bənzəyən it gözlənilmədən qaçış zolağına çıxaraq idmançılara qoşulub və onlarla birlikdə yarışın sonunadək qaçıb.
Gözlənilməz “iştirakçı” dərhal tamaşaçıların, fotoqrafların və televiziya kameralarının diqqətini cəlb edib. Heyvan təhlükəli vəziyyət yaratmayıb - it xizəkçilərə nə mane olub, nə onların yolunu kəsib, yarışın nəticələrinə də təsir göstərməyib. Əksinə, bu epizod Olimpiya gününün ən təsirli və yaddaqalan anlarından birinə çevrilib.
Bundan əlavə, it idmançılarla birlikdə finiş xəttini keçmə anını əks etdirən rəsmi finiş fotosuna da düşüb.
Təşkilatçılar bildiriblər ki, insident heç bir neqativ nəticə olmadan başa çatıb, dördayaqlı “olimpiyaçı” ilə bağlı kadrlar isə artıq sosial şəbəkələrdə fəal şəkildə yayılaraq bütün dünyada azarkeşlərin üzündə təbəssüm yaradır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt