EN

“Rövnəq Abdullayevdən qorxuram” – Nigar Köçərli məhkəmədən danışdı

Martın 4-də Nəsimi Rayon Məhkəməsində “Liv Bona Dea Hospital”ın “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərliyə qarşı qaldırdığı iddiaya baxılacaq.

Musavat.com xəbər verir ki, xəstəxana N.Köçərlidən 222 395 manat məbləğində təzminat tələb edir. İddiada bildirilir ki, onun sosial şəbəkədəki paylaşımları xəstəxananın ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirib.

N.Köçərli sosial media hesabında yazıb ki, məhkəməyə verilməsinə səbəb əməliyyatdan sonrakı münasibətdən narazı qalaraq şəxsi hesabında paylaşım etməsi olub: “Bəli, iki posta görə 222 395 AZN təzminat istəyirlər. Son günlər qohumlar, tanışlar mənə zəng edir, mesaj yazır və deyirlər: ‘Bilmirsən, “Liv Bona Dea” Rövnəq Abdullayevindir? Qorxmursan? Başını sal aşağı, işini gör’. Səmimi etiraf edirəm – qorxuram. Rövnəq Abdullayevdən qorxuram. Ailəmə, uşaqlarıma görə qorxuram. İşimə görə qorxuram. Mənəvi cəhətdən çökmüş durumum, fiziki ağrılar içində olduğum üçün qorxuram. Amma bu qorxu “Liv Bona Dea”da gördüyüm dəhşəti unutdurmur. Qorxu ədaləti məhv etmək gücündə deyil”.

Qeyd edək ki, N.Köçərlinin həyat yoldaşı, “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu daha əvvəl Musavat.com-a açıqlamasında bildirmişdi ki, onların əsas şikayəti xəstəyə qarşı biganə münasibət göstərilməsi ilə bağlıdır.

“Xəstəxana öz pasiyentinin şikayətini araşdırmaq əvəzinə məhkəmə iddiası qaldırıb və yüksək məbləğdə təzminat tələb edir. Biz müdafiəyə hazırlaşırıq”, – deyə o vurğulayıb.

Xatırladaq ki, N.Köçərli bir müddət əvvəl sözügedən xəstəxanada keçirdiyi əməliyyatdan sonra qeyri-insani rəftarla üzləşdiyini iddia etmişdi. Onun sözlərinə görə, əməliyyatdan sonra güclü ağrılar hiss edib, yalnız dəfələrlə müraciətdən sonra ona anesteziya tətbiq olunub, həmçinin tibb personalı tərəfindən kobud davranışla qarşılaşıb.

Xəstəxana isə açıqlamasında N.Köçərli tərəfindən işgüzar nüfuza və hüquqlara zərər vurulduğunu bildirərək, həmin zərərin aradan qaldırılması üçün məhkəməyə müraciət etdiyini bəyan edib.

Məhkəmə araşdırmasının nəticəsi ictimaiyyət üçün də maraq doğurur.

Chosen
29
editor.az

1Sources