EN

Xamenei qərarı elan etdi, Tramp gəmiləri göndərdi: İran ətrafında kritik vəziyyət

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Cenevrədə Vaşinqton və Tehran arasında davam edən danışıqlar fonunda hərbi gərginliyin eyni anda artırılması açıq şəkildə göstərir ki, bu, beynəlxalq münasibətlərdə klassik “kökə və dəyənək” (şirinlik və acılıq) taktikasından daha mürəkkəb bir oyundur. Bu, birbaşa hərbi zərbəyə hazırlıqla paralel aparılan strateji aldatma (strategic deception) əməliyyatıdır”.

Bu sözləri Globalinfo.az-a politoloq Rüstəm Tağızadə deyib.

Politoloq bildirib ki, ABŞ Prezidenti Donald Trampın, “nüvə potensialını vurmaq üçün B-2-lər göndərməli olduq”, – açıqlaması danışıqların güc mövqeyindən aparıldığının ən bariz sübutudur:

“Vaşinqton İrana “ya razılaş, ya da daha böyük dağıntı ilə üzləş” mesajı verir. Onların danışıqlardan gözləntisi təkcə nüvə proqramının məhdudlaşdırılması deyil, həm də İranın raket proqramı və regional siyasəti kimi strateji gücünün digər sütunlarının müzakirəyə açılmasıdır.

İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin “təhdidlər qarşısında təslim olmayacaqları” və “dünyanın ən güclü ordusunun belə ağır zərbə ala biləcəyi” barədə bəyanatı Tehranın əsas strateji xəttini əks etdirir: gücə qarşı güc. İran özünün “asimetrik müharibə” doktrinasına sadiq qalaraq, Hörmüz boğazında keçirdiyi hərbi təlimlərlə cavab verir. Onlar üçün danışıqlar yalnız iqtisadi sanksiyaların qaldırılması ilə nəticələnəcək “ədalətli” razılaşma olmalıdır, əks halda bu, ABŞ-ın diktə etdiyi təslimiyyət sənədi kimi qəbul ediləcək”.

“USS Abraham Lincoln” nüvə enerjisi ilə işləyən təyyarədaşıyan hərbi gəmisi artıq bölgədədir, “USS Gerald R.Ford” gəmisi isə yoldadır. Bu, ABŞ-ın bölgədə genişmiqyaslı hava hücumu üçün zəruri taktiki dəstəyi topladığını göstərir. İki aviadaşıyıcı gündə yüzlərlə döyüş uçuşu deməkdir.

Trampın xüsusi vurğuladığı B-2-lərin ötən yay İranın nüvə obyektlərini vurması ABŞ-ın “dərinə nüfuz edən” (bunker buster) bombalarla yeraltı obyektləri də məhv edə bildiyini nümayiş etdirir. Bu, İrana birbaşa mesajdır: “Heç bir obyektiniz təhlükəsiz deyil”.

Politoloqun sözlərinə görə, bu addımlar təkcə hücum deyil, həm də İranın mümkün cavab zərbələrinə, məsələn, raket hücumlarına qarşı müdafiə qalxanı (AEGIS, Patriot) formalaşdırmaq məqsədi daşıyır:

“Xəbərdə İsrailin adı çəkilməsə də, bu, onun rolunu azaltmır. ABŞ-ın bu qədər böyük hərbi güc toplaması eyni zamanda Təl-Əvivə yaşıl işıq kimi qiymətləndirilə bilər. Əgər danışıqlar uğursuz olarsa, İsrail hava hücumu təşəbbüsünü öz üzərinə götürə, ABŞ isə “dərin zərbələr” və dəniz blokadası ilə onu dəstəkləyə bilər.

Rüstəm Tağızadə 

Mövcud hərbi yığılma həm də Səudiyyə Ərəbistanı və BƏƏ kimi ərəb müttəfiqlərə mesajdır: ABŞ bölgədə güc boşluğu yaratmaq niyyətində deyil, əksinə, İran təhlükəsinə qarşı onları qoruyacaq.

Danışıqlar davam edir və ABŞ ictimaiyyətinə “sülh üçün son şans” mesajı verilir. Danışıqların qəsdən çıxılmaz vəziyyətə çatdırılması və ya İranın kiçik bir təxribatı, məsələn, Körfəzdə bir gəmiyə yaxınlaşması, bəhanə kimi istifadə oluna bilər. Bu halda ABŞ və ya İsrailin İranın nüvə obyektlərinə, hərbi bazalarına və ehtimal ki, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komanda mərkəzlərinə ani və şiddətli hava zərbələri endirməsi mümkündür. Məqsəd təkcə nüvə proqramını deyil, rejimin cavab vermə qabiliyyətini də məhv etməkdir.

R.Tağızadə qeyd edib ki, Cenevrədəki danışıqlar İranın taleyinin həll olunacağı əsas meydan deyil:

“Əsl meydan №USS Abraham Lincoln” və “USS Gerald R.Ford”un yerləşdiyi Körfəz suları və B-2-lərin uçuş xəttidir.

Vaşinqton Tehrana iki seçim təqdim edir: ya strateji gücünün böyük hissəsini – nüvə proqramını, raketlərini və regional nüfuzunu – danışıqlar masasında məhdudlaşdıraraq “imtiyazlı təslimiyyət”ə razılaşmaq, ya da hərbi parçalanma riskini gözə almaq.

İranın indiyə qədərki mövqeyi, Xameneinin sərt cavabı və hərbi təlimlər, ikinci variantın daha real olduğunu göstərir. Bu halda Tramp administrasiyasının “maksimum təzyiq” siyasəti “maksimum münaqişə” mərhələsinə keçə bilər. Yaxın həftələr bu strateji oyunun danışıqlarla, yoxsa atəşlə bitəcəyini göstərəcək”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
61
globalinfo.az

1Sources