Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma XXV Qış Olimpiya Oyunlarında çıxışını başa vurub.
Far.Az xəbər verir ki, ikinci enişinə 59-cu sırada başlayan 18 yaşlı idmançı 64 iştirakçı arasında 1:07:34 saniyə göstərici ilə finiş xəttinə çatıb.
Bununla da Anastasiya Papatoma hər iki cəhdin yekunlarına əsasən 2:09:15 saniyə nəticə ilə XXV Qış Olimpiya Oyunlarındakı çıxışını 51 yerdə başa vurub. Onun bu çıxışı Azərbaycan üçün Qış Olimpiya Oyunlarının slalom yarışlarında tarixi nəticə hesab olunur.
Qeyd edək ki, ilk enişində 92-ci sırada mübarizəyə başlayan Anastasiya Papatoma 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatmışdı.
XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
***15:36
Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma XXV Qış Olimpiya Oyunlarında növbəti mərhələyə adlayıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Kortina Ampetsodakı Tofane Alp Xizək Mərkəzində keçirilən yarışda idmançımız ilk enişini başa vurub.
92-ci sırada mübarizəyə başlayan 18 yaşlı slalomçumuz 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatıb.
O, hazırda bu nəticə ilə 95 iştirakçı arasında 59-cu pillədə qərarlaşıb.
*** 10:21
İtaliyanın Milan və Kortina-d'Ampetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün Azərbaycan təmsilçisi Anastasiya Papatoma mübarizəyə qoşulacaq.
Far.Az xəbər verir ki, dağ xizəkçisi slalom növündə qüvvəsini sınayacaq.
Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-d'Ampetsoda keçiriləcək.
Bu gün həmçinin daha bir neçə idman növü üzrə yarışlar baş tutacaq.
Medal sıralamasında Norveç birinci pillədə qərarlaşıb. Skandinaviya ölkəsi indiyədək 31 (14 qızıl, 8 gümüş, 9 bürünc) mükafat qazanıb. İtaliya (9 qızıl, 4 gümüş, 11 bürünc) ikinci, ABŞ (6 qızıl, 10 gümüş, 5 bürünc) üçüncüdür.
Xatırladaq ki, daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 29 idmançının mübarizəsində 63,63 xalla sonuncu yeri tutub və mübarizəni dayandırıb.
XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.