Bakı, 18 fevral, AZƏRTAC
Ramazan ayında həm sahur, həm də iftar vaxtları maddələr mübadiləsinin zəif olduğu vaxtlara təsadüf edir. Xüsusilə metabolizmanın zəif olduğu 40 yaşdan yuxarı şəxslərdə bu, çəkinin artması ilə nəticələnə bilir.
Bunu AZƏRTAC-a açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının həkim-terapevti, sağlam qida mütəxəssisi Alidə İbrahimova deyib.
O, düzgün qidalanma ilə bağlı tövsiyələrini də bölüşüb: “Ramazanda həm tez acmamağın, həm də çəkinin sabit qalmasının əsas yolu düzgün balanslı qidalanmadır. Xüsusilə ilk günlərdə edilən qidalanma səhvləri gün ərzində halsızlıq və tez acma hissinə səbəb ola bilər. Sadə karbohidratlar (ağ çörək, şirniyyat, şəkərli içkilər və s.) qanda şəkəri sürətlə yüksəldir, amma eyni sürətlə də aşağı salır. Bu isə tez acmağımıza və enerjinin azalmasına səbəb olur. Mürəkkəb karbohidratlar isə daha uzun müddət tox saxlayır və enerjini balanslı şəkildə təmin edir. Bunlara tam buğda çörəyi, yulaf, qarabaşaq, bulqur, paxlalılar aiddir. Bununla yanaşı, zülal (yumurta, qatıq, pendir, ət, toyuq, balıq), sağlam yağlar (qoz, badam, zeytun yağı), kifayət qədər su qəbulu da vacibdir. Ramazanda ən çox çəki artımına səbəb olan unlu məmulatlardan, şirniyyatdan bir qədər uzaq olmaq məsləhətdir. Şirniyyat ehtiyacını meyvə və meyvə qurusu ilə həddi aşmamaqla ödəmək olar. Həftədə ən çox iki dəfə mal və quzu əti qəbul etmək, daha çox balıq və toyuq ətinə üstünlük vermək tövsiyə olunur. Eyni zamanda, yeməkdən sonra hərəkət məsləhətlidir. Bunlara riayət etməklə çəkinin artmamasına nail olmaq mümkündür. Unutmayaq ki, Ramazan sadəcə ac qalmaq deyil, həm də orqanizmi qorumaq və sağlamlığı ön planda saxlamaqdır”.