EN

“Nyukasl”ın itkiləri üstünlüyə çevrilə bilər -PROQNOZ

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” Bakıda “Nyukasl”la qarşılaşacaq.

Oyunla bağlı proqnozunu Redaktor.az-la bölüşən "Kəpəz"in keçmiş baş məşqçisi, premyer liqa təcrübəli Etibar İbrahimov bildirdi ki, bugünkü qarşılaşmada bizi çox maraqlı oyun gözləyir:

"Güc balansına nəzər salsaq, təbii ki, nə İngiltərə Premyer Liqasının, nə də "Nyukasl"ın imkanları bizimkilərlə müqayisə oluna bilməz. Rəqib hər baxımdan qat-qat üstündür. Lakin "Qarabağ"ın kollektiv oyununu, "Nyukasl"ın son bir ayda sıx qrafiklə (hər 2-3 gündən bir) 10 oyuna çıxmasını və ciddi oyunçu itkilərini nəzərə alsaq, bu gün tərəzilərin bərabərləşdiyini görə bilərik".

Müsahibimiz əlavə etdi ki, "Nyukasl"ın orta xəttindəki itkilər bizim üçün üstünlükdür.

""Qarabağ" topa sahib olmağı bacaran komandadır, biz bunun "Çelsi" ilə oyunda da şahidi olmuşuq. Rəqibin təzyiqinə baxmayaraq, "Qarabağ" geridən oyun quraraq "Çelsi"nin müdafiə və hücum xətləri arasındakı əlaqəni kəsmiş, hətta bəzi epizodlarda oyuna dominantlıq etmişdi. Hesab edirəm ki, bu gün də "Qarabağ" öz oyun fəlsəfəsinə sadiq qalaraq topa nəzarət etməyə çalışacaq. "Nyukasl" aqressiv presinqi sevən komanda olsa da, futbolçularımız bu təzyiqdən çıxa bilsələr qorxulu heç nə yoxdur, amma təhlükəli vəziyyətlərin yaranacağı şübhəsizdir. Ümid edirəm ki, komandamız bu şansları qola çevirə biləcək".

Etibar İbrahimovun fikrincə, "Qarabağ" öz ustalığı ilə bu gün güc balansını bərabərləşdirə bilər və bütün Azərbaycan qəlbən "Qarabağ"ın yanındadır və komandamızdan qələbə gözləyir.

Xədicə BAXIŞLI

Chosen
48
1
redaktor.az

2Sources