İsrailin keçmiş baş naziri Naftali Bennet Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransında Türkiyəni hədəf alan açıqlamalar verib.
Publika.az xəbər verir ki, Yunanıstanın "Sigma" qəzetinin məlumatına görə, Bennet Türkiyəni İsrail üçün yeni strateji təhdid kimi xarakterizə edib.
O, Təl-Əviv dairələrində Türkiyə ilə bağlı artan narahatlığa diqqət çəkib: "Türkiyə, Qətər və Pakistan nüvə imkanları vasitəsilə bölgədəki müsəlman coğrafiyasını gücləndirməyə davam edirlər. Bu ittifaq İsrailə qarşı düşmənçiliyi alovlandırır. Türkiyə daha da güclənməyə və bölgədəki təsirini artırmağa davam edir. Düşünürəm ki, onlar İsraili əhatə etməyi hədəfləyirlər. Bizim üçün yeni bir İrana çevrilmə yolunda irəliləyir. Lakin ordusu və imkanları ilə onlardan daha güclüdür".
Bennet İsrailin Ankaradan gələn təhdidlərə eyni vaxtda cavab verməli olduğunu bildirib: "Yeni bir Türkiyə təhdidi yaranır. Biz Türkiyənin bölgədəki gücü və təsiri ilə qarşılaşırıq. Fərqli metodlardan istifadə edərək Ankaradan gələn potensial təhdidlərə qarşı birləşib birlikdə hərəkət etməliyik".