ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycan ilə Serbiya arasında son illər intensivləşən siyasi dialoq və iqtisadi əməkdaşlıq münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Prezident İlham Əliyevin Belqrada rəsmi səfəri bu baxımdan iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsində mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər və Strateji Tərəfdaşlıq Şurasının ilk iclası əlaqələrin institusional əsasda inkişafına yeni impuls verib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.
O xatırladıb ki, müzakirələr zamanı Prezident İlham Əliyev ilə Serbiya Prezidenti Aleksandar Vuçiç arasında formalaşmış qarşılıqlı etimad və dostluq münasibətlərinin əməkdaşlığın əsas dayaqlarından biri olduğu vurğulanıb. Liderlər siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək, birgə layihələrin icrasının sürətləndirilməsinə dair razılığa gəliblər.
Səfərin əsas istiqamətlərindən birinin enerji sahəsində tərəfdaşlığın gücləndirilməsi olduğunu diqqətə çatdıran deputat deyib: “Azərbaycanın Serbiyaya təbii qaz ixracının artması və qaz-turbin elektrik stansiyasının inşası ilə bağlı razılaşmalar enerji əməkdaşlığını daha da dərinləşdirir. Bu addımlar Serbiya üçün enerji mənbələrinin şaxələndirilməsi, Azərbaycan üçün isə Balkan bazarında mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, nəqliyyat-logistika layihələri və birbaşa aviareyslərin açılması iqtisadi əlaqələrin genişlənməsinə xidmət edir”.
Müşfiq Məmmədli qeyd edib ki, Azərbaycan-Serbiya münasibətləri artıq yalnız ikitərəfli çərçivədə deyil, daha geniş regional və geosiyasi kontekstdə formalaşır. Bu əməkdaşlıq Cənubi Qafqaz ilə Balkan ölkələri arasında yeni iqtisadi və siyasi körpünün yaranmasına şərait yaradır. Strateji Tərəfdaşlıq Şurasının Belqradda keçirilən ilk iclasında beynəlxalq hüququn prinsiplərinə, xüsusilə suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyə xüsusi diqqət yetirilib. Tərəflər beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləmək niyyətlərini təsdiqləyərək, uzunmüddətli əməkdaşlığın normativ əsaslarını möhkəmləndiriblər.
Deputatın fikrincə, bu tərəfdaşlıq Milli Məclis səviyyəsində də dəstəklənir və qanunvericilik müstəvisində əməkdaşlığın inkişafına şərait yaradır. Xüsusilə enerji, yaşıl texnologiyalar, sənaye və kənd təsərrüfatı sahələrində birgə təşəbbüslər qarşılıqlı fayda prinsipinə əsaslanır.
O hesab edir ki, geosiyasi baxımdan Azərbaycan-Serbiya əməkdaşlığı Azərbaycanın Avropada artan rolunu nümayiş etdirir. Eyni zamanda, Serbiya üçün bu tərəfdaşlıq Avropa İttifaqına inteqrasiya prosesində enerji təhlükəsizliyinin təmin olunması və siyasi balansın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
“Prezident İlham Əliyevin Serbiyaya səfəri və Strateji Tərəfdaşlıq Şurasının ilk iclası iki ölkə arasında münasibətlərin strateji, çoxşaxəli və uzunmüddətli xarakter aldığını təsdiqləyir. Enerji, nəqliyyat, iqtisadiyyat və siyasi dialoq sahələrində əldə olunan razılaşmalar Azərbaycan-Serbiya əməkdaşlığını regional sabitliyə və qarşılıqlı inkişafa xidmət edən etibarlı tərəfdaşlıq modelinə çevirir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.