EN

Azərbaycanlılar Rusiyanı tərk etməli olacaq?

Rusiyanın Rostov vilayətində miqrantların fəaliyyət sahələrini ciddi şəkildə məhdudlaşdıran yeni qərar qüvvəyə minmək üzrədir. Qadağalar xüsusilə patent əsasında çalışan xarici vətəndaşları əhatə edir və ticarət, logistika, kuryerlik kimi əmək miqrantlarının geniş təmsil olunduğu sahələrə yönəlib. Bu isə regionda yaşayan azərbaycanlı icması üçün real sosial-iqtisadi nəticələr doğura bilər. Bəs bu məhdudiyyətlər Rostov vilayətində yaşayan minlərlə azərbaycanlının dolanışığına və məşğulluq imkanlarına nə dərəcədə mənfi təsir göstərə bilər? Eyni zamanda, qəbul edilən qərarlar azərbaycanlı miqrantların Rusiyanı tərk edərək vətənə qayıtmasına səbəb ola bilərmi?“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, millət vəkili Azər Allahverənov Metbuat.az-a açıqlamasında bildirib ki, Rusiyada miqrasiya proseslərinin daha effektiv idarə olunması ilə bağlı yeni yanaşma formalaşmaqdadır. Bu yanaşma miqrasiya sahəsində bir sıra məhdudiyyətlərin tətbiqini də nəzərdə tutur. Nəticədə bəzi vilayətlər öz spesifik xüsusiyyətlərini nəzərə alaraq miqrantlarla bağlı daha sərt qaydalar tətbiq etməyə başlayırlar: “Məsələn, son vaxtlar Komi muxtar vilayətində, eləcə də Yekaterinburqda və digər şəhər və vilayətlərdə yeni məhdudiyyətlərin tətbiq olunduğu müşahidə edilir. Bu məhdudiyyətlər əmək fəaliyyəti ilə məşğul olan miqrantların mövcud vəziyyətinə birbaşa təsir göstərir. Çünki tətbiq olunan qaydalar bir sıra hallarda iş yerlərinin itirilməsi ilə nəticələnir. Hazırda Rostov vilayətində də müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Xüsusilə bəzi sahələrdə, o cümlədən satış şəbəkəsində miqrantların əmək fəaliyyətinin məhdudlaşdırılması planlaşdırılır. Bu, ehtimal ki, vilayətin yerli spesifikası və mövcud vəziyyətinin qiymətləndirilməsi ilə bağlıdır. Digər vilayətlərdə də oxşar təşəbbüslər olmasa da, fərqli sahələr üzrə əməkçi miqrantların fəaliyyətini məhdudlaşdıran qaydalar tətbiq edilir. Ümumilikdə, Rusiyada müxtəlif sahələrdə çalışan əməkçi miqrantlar yeni məhdudiyyətlərlə üzləşirlər. Bu isə onların müəyyən iş sahələrindən uzaqlaşdırılması ilə nəticələnir". A.Allahverənovun sözlərinə görə, belə hallarda miqrantların sonrakı fəaliyyəti bir sıra amillərdən asılı olur. Bəziləri öz ölkələrinə qayıdır, digərləri isə başqa sahələrdə işləməyə çalışırlar. Lakin deputat bildirib ki, bu, hüquqi baxımdan əlavə prosedurların yerinə yetirilməsini tələb edir. Çünki sənədləşmə konkret iş sahəsinə uyğun aparılır və əmək patenti də həmin sahə üzrə verilir: “Əgər miqrant çalışdığı sahədən uzaqlaşdırılırsa, bu, faktiki olaraq əmək patentinin qüvvədən düşməsi deməkdir. Yəni həmin şəxs əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu itirir. Başqa sahədə işləmək üçün isə yenidən əmək patenti almalı və zəruri sənədləri toplayaraq aidiyyəti qurumlara təqdim etməlidir. Bu proses həm maliyyə baxımından xərc tələb edir, həm də prosedurların mürəkkəbliyi ilə seçilir. Nəticədə bəzi hallarda miqrantlar qeyri-qanuni əmək fəaliyyətinə üstünlük verirlər. Bu isə onları daha sərt cəza tədbirləri ilə üz-üzə qoyur. Qanunsuz əmək fəaliyyəti zamanı reydlərdə aşkar edilən şəxslərə qarşı cərimə sanksiyaları tətbiq olunur, ölkəyə girişinə məhdudiyyət qoyulur və nəticədə deportasiya qərarı verilə bilər. Bəzi hallarda inzibati məsuliyyət, hətta azadlıqdan məhrumetmə cəzası da istisna edilmir”. Millət vəkili qeyd edib ki, bütün bunlar miqrantların maraqlarına cavab vermir və xüsusilə Rostov vilayətində yaşayan əməkçi miqrantların çətin vəziyyətə düşməsinə səbəb olur: “Maddi gəlir imkanlarının məhdudlaşması onların ailələrinin rifahına da mənfi təsir göstərir. Ailə üzvləri həmin şəxslə birlikdə yaşayırsa, bu, sosial və maddi baxımdan əlavə çətinliklər yaradır. Bu amil isə miqrantların öz ölkələrinə qayıtmasını şərtləndirən əsas səbəblərdən biri ola bilər. Mövzu kifayət qədər həssasdır. Mövcud vəziyyətdə miqrantların hüquqi müstəvidə əmək münasibətlərini rəsmiləşdirməyə üstünlük verməsi daha məqsədəuyğun görünür. Əks halda, daha sərt və arzuolunmaz qərarlarla üzləşmək riski qalır ki, bu da həm miqrantın özünü, həm də ailəsini ağır vəziyyətə sala bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
75
metbuat.az

1Sources