Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Rusiyalı siyasi analitik Georgy Bovt, “Business FM” radiosuna verdiyi açıqlamada Cenevrədə başlayan üçtərəfli danışıqların strukturu və perspektivləri ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
"Cebheinfo.az" xəbər verir ki, Bovt bildirib ki, mövcud formatda aparılan danışıqlar aylarla, hətta illərlə nəticə əldə olunmadan davam edə bilər.
Bovt əvvəlki iki danışıqlar raundunun əsasən hərbi-texniki məsələlərə fokuslandığını xatırladıb və bu yanaşmanın məntiqini izah edib.
Onun sözlərinə görə, mümkün atəşkəs razılaşması halında tətbiq ediləcək prosedur və rejimlərin əvvəlcədən hazırlanması məntiqli görünə bilər. Lakin ekspert vurğulayıb ki, geniş siyasi razılaşmalar olmadan bu texniki hazırlıqlar praktik nəticə verməyəcək.
“Onların hərbi-texniki sahədə müəyyən irəliləyiş əldə etdikləri doğrudur. Amma bu, böyük siyasi razılaşmalar olmadan işləməyəcək. Həmin siyasi razılaşmalar isə hələ mövcud deyil”, - deyə o bildirib.
“The Economist” jurnalının Ukrayna nümayəndə heyətində sürətli razılaşma tərəfdarları ilə daha ehtiyatlı mövqe tutanlar arasında fikir ayrılığı olduğu barədə iddiasını şərh edən Bovt bunun Kiyevin şüurlu dezinformasiyası ola biləcəyini söyləyib.
Ekspert Ukraynanın informasiya müharibəsində yüksək bacarığa malik olduğunu vurğulayaraq qeyd edib ki, bu, Rusiya danışıqlar heyətində çaşqınlıq yaratmaq məqsədi daşıyan təxribat ola bilər.
Bovtun fikrincə, Ukrayna heyətində mümkün fikir ayrılıqlarından asılı olmayaraq əsas müəyyənedici faktor Prezident Volodimir Zelenskinin şəxsi mövqeyidir. Ekspert onu “son dərəcə israrlı” lider kimi xarakterizə edib.
Bovt deyib ki, Zelenski hələ “Kvartal 95” studiyasında çalışdığı dövrdən danışıqlarda güzəştsiz mövqe sərgiləyib və bu yanaşma dəyişməyib.
Onun sözlərinə görə, Ukrayna lideri ərazi güzəştinə razılaşmır və belə güzəşt olmadan digər məsələlərdə də kompromis ehtimalı azdır.
Bovt ABŞ nümayəndə heyətinin strukturuna da diqqət çəkib. O, Stiv Vitkoff və Jared Kuşnerin eyni vaxtda həm Ukrayna, həm də İranla danışıqlar aparmasını “misilsiz” adlandırıb və bunun ciddi risklər yaratdığını bildirib.
Ekspert qeyd edib ki, eyni şəxslərin paralel şəkildə iki mürəkkəb hərbi-siyasi münaqişənin həllinə çalışması “gecikdirilmiş bomba” effekti yarada bilər.
Onun sözlərinə görə, qeyri-rəsmi razılaşmalardan hüquqi baxımdan bağlayıcı sənədlərin hazırlanması mərhələsinə keçid zamanı ciddi problemlər üzə çıxa bilər.
Bovt Cenevrədə iştirak edən Avropa nümayəndələrinin roluna da toxunaraq bildirib ki, Avropanın əsas marağı Ukraynanın müqavimətini davam etdirməsidir.
Onun fikrincə, Ukrayna nə qədər uzun müddət müqavimət göstərsə, Rusiya iqtisadi və hərbi baxımdan bir o qədər zəifləyəcək. Bovt hesab edir ki, Avropa tərəfi Ukrayna və ABŞ nümayəndə heyətlərinə bu istiqamətdə təsir göstərməyə çalışacaq.
Ekspert əlavə edib ki, ayrı-ayrı fərqli mövqelər olsa da, Avropanın əsas xətti hərbi fəaliyyətlərin davam etməsi istiqamətindədir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.