ain.az, Gununsesi saytına istinadən bildirir.
“Ruben iştirak etdiyi proseslərə məhkəmə tərəfindən tam və hərtərəfli hüquqi qiymət verildi. Burada söhbət yalnız hansısa xarici maliyyə dəstəyindən və ya bir dövlət tərəfindən göndərilməsindən getmir. Məsələ ondan ibarətdir ki, Vardanyan təkcə separatçı strukturların deyil, həm də terror xarakterli fəaliyyət göstərən böyük qrupların maliyyələşdirilməsində iştirak edib”.
Bu sözləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib:
“Eyni zamanda, Qarabağ ərazisində yerləşən Azərbaycanın təbii sərvətlərinin mənimsənilməsi, onların qeyri-qanuni şəkildə özəlləşdirilməsi və əldə olunan gəlirlərin xarici dairələrə yönləndirilməsi istiqamətində də ciddi fəaliyyət göstərdiyi məlum olub. Onun Ermənistanın siyasi rəhbərliyində yüksək vəzifələrə iddia etməsi, o cümlədən baş nazir postuna yönəlmiş planları da bu proseslərin bir hissəsi idi. Bütün bunların arxasında isə müxtəlif geosiyasi maraqların – həm Qərb, həm də Rusiya istiqamətindən gələn təsirlərin mövcudluğu danılmazdır. İnsaniyyətə qarşı törədilmiş cinayətlərdə onun rolunun olduğu faktı məhkəmə araşdırmaları ilə ortaya qoyuldu.
Diqqət çəkən məqamlardan biri də odur ki, ABŞ-ın vitse-prezidenti İrəvana səfər etdiyi zaman səfirlik qarşısında məhz Vardanyanın azadlığı ilə bağlı şüarlar səsləndirilirdi. Digər separatçı fiqurlarla bağlı belə aksiyalar müşahidə olunmurdu. Bu isə onun iqtisadi imkanları və maliyyə rıçaqları ilə birbaşa bağlı idi.
Vardanyan müxtəlif vasitələrlə Ermənistan daxilində siyasi dəstək qazanmağa çalışırdı. Dövlət başçısının da qeyd etdiyi kimi, bəzi xarici dairələr tərəfindən bu şəxslə bağlı müraciətlər olsa da, Azərbaycan tərəfi qəti və prinsipial mövqe nümayiş etdirdi. Çünki söhbət Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına qarşı ağır cinayətlərdə ittiham olunan şəxsdən gedir.
Onun həbsi dünya üçün də mühüm mesajdır: Azərbaycana qarşı cinayət törədən heç bir şəxs məsuliyyətdən kənarda qalmayacaq. Diqqətəlayiq haldır ki, rəsmi səviyyədə heç bir dövlət onun azadlığa buraxılması ilə bağlı tələb irəli sürməyib. Məhkəmə prosesi çərçivəsində isə o, həm yerli, həm də xarici vəkillərlə təmin olunub.
Bu baxımdan hesab edirəm ki, verilən qərar ədalət prinsipinə uyğun olub. Azərbaycan xalqı əmin olmalıdır ki, dövlətə və millətə qarşı atılan hər bir addımın hüquqi nəticəsi olacaq”.
Şəbnəm
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.