EN

Vens İrəvanda erməniləri TƏHQİR EDİB? – ŞOK DETALLAR

Amerikada yaşayan erməni jurnalist Harut Sasunyan ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana səfərindən çox narazı qalıb.

10 il Cenevrədə Birləşmiş Millətlər Təşkilatında insan hüquqları üzrə qeyri-hökumət nümayəndəsi kimi çalışan, Kaliforniyada 43 ildir həftəlik ingilisdilli erməni qəzeti buraxan Sasunyan köşə yazısında (TheCaliforniaCourier.com) Vensin səfərini “Paşinyan, Əliyev və Trampın lehinə təbliğat” adlandırıb.

Sasunyan “erməni soyqırımı” ilə bağlı Vensin paylaşımını silməsinə diqqət çəkib və bildirib ki, bu, çox güman ki, Türkiyənin iradına görə olub.

“Erməni soyqırımı”na istinadın silinməsi o qədər təhqiramiz bir addım idi ki, ABŞ-da yaşayan ermənilər 2028-ci il ABŞ prezident seçkilərində Vensə səs verməkdən imtina etməlidirlər”, – o yazıb.

Erməni jurnalist Vensin “soyqırım memorialını” ziyarət etmələri üçün onlardan xahiş edildiyi barədə açıqlamasını da sitat gətirib:

“İrəvanı tərk etməzdən əvvəl Vensdən paylaşımından “erməni soyqırımı” sözlərinin silinməsi ilə bağlı soruşuldu. O, sualı cavabsız qoydu və dedi: “Onlar dedilər ki, bura bizim üçün çox vacib bir yerdir və əlbəttə ki, mən Ermənistana səfər edən ilk ABŞ vitse-prezidentiyəm. Bizdən həmin yeri ziyarət etməyimizi istədilər. Aydındır ki, bu, 100 ildən çox əvvəl baş verən çox dəhşətli bir hadisədir və onlar üçün mədəni baxımdan vacib bir şeydir”.

Erməni jurnalist bildirib ki, Vens Ermənistanın daxili siyasətinə qarışaraq və bu ilin iyun ayında keçiriləcək parlament seçkilərində Paşinyanı açıq şəkildə dəstəkləməklə daha bir səhvə yol verdi:

“Heç bir ciddi siyasətçi başqa bir ölkənin seçkilərinə bu cür cəsarətlə müdaxilə etməzdi”.

Sasunyanın fikrincə, Vensin növbəti səhvi Ermənistanın xristian dövləti kimi təqdimatında idi:

“Vens Ermənistanı “ən qədim” və ya “ilk xristian dövləti” ifadələri əvəzinə, “dünyanın ən qədim xristian ölkələrindən biri” kimi təqdim etməklə daha bir səhvə yol verdi”.

Erməni yazar iddia edib ki, Vensin Azərbaycandan “heç bir erməni məhbusu azad etmədən ayrılması”, katolikos II Qareginlə görüşməməsi və “Ermənistanda həbsdə olan erməni yepiskoplarını ziyarət etməməsi”, Əliyevi tənqid etmək əvəzinə tərifləməsi növbəti səhvləridir və buna görə də erməni diasporu ona qarşı çıxmalıdır.

Azər Hüseynov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, Erməni diasporasının hansısa yüksək səviyyəli səfəri tənqid etməsi ilk baxışda emosional və ya prinsipial mövqe kimi görünə bilər:

Amma reallıqda bu cür çıxışların arxasında çox vaxt daha mürəkkəb siyasi dinamika dayanır.

ABŞ kimi sistemlərdə diaspor təşkilatları müxtəlif siyasi düşərgələrlə paralel işləyirlər. Məsələn, Amerika Birləşmiş Ştatları daxilində erməni lobbi strukturları tarixən həm Respublikaçılar, həm də Demokratlarla əlaqə saxlayıb, amma müəyyən dövrlərdə Demokrat Partiyası ilə daha yaxın görünən seqmentlər olub. Əgər konkret səfər və ya bəyanat mövcud administrasiyanın xəttinə uyğun deyilsə, bu zaman diaspor daxilindəki fərqli siyasi qruplar öz mövqelərini açıq şəkildə ifadə edə bilirlər.

Burada iki ehtimal ön plana çıxır.

Birincisi, həmin şəxs və ya qurum doğrudan da ABŞ-də hakimiyyətə müxalif çevrələrə daha yaxındır və bu səbəbdən administrasiyanın Cənubi Qafqaz siyasətinə tənqidi yanaşır. ABŞ-də hakimiyyət dəyişdikcə xarici siyasətin tonunda və prioritetlərində də dəyişiklik olur. Xüsusən “soyqırım” məsələsi müəyyən administrasiyalar dövründə daha aktiv siyasi alətə çevrilib. Bu isə diaspor üçün həm simvolik, həm də praktik əhəmiyyət daşıyır.

İkincisi isə, daha praqmatik yanaşmadır. Diasporalar adətən yaşadıqları ölkənin siyasi sisteminə inteqrasiya olunmadan və mövcud hakimiyyətlə işləmədən təsir imkanlarını qoruyub saxlaya bilmirlər.

Bu baxımdan, Ermənistan üçün də diasporanın Vaşinqtondakı fəaliyyəti strateji əhəmiyyət daşıyır. Lakin ola bilər ki, gözlənilən nəticə – istər təhlükəsizlik zəmanəti, istər hərbi-siyasi dəstək, istərsə də regional balansın dəyişməsi – tam təmin olunmayıb. Bu halda ictimai tənqid həm daxili auditoriyaya mesaj, həm də ABŞ administrasiyasına təzyiq aləti kimi çıxış edir”.

Şərhçinin sözlərinə görə, Cənubi Qafqaz kontekstində ABŞ siyasətinin bir istiqaməti də təhsil, vətəndaş cəmiyyəti və institusional quruculuq üzərindən təsir imkanlarını genişləndirməkdir:

“Bu, birbaşa hərbi balansdan daha çox uzunmüddətli struktur dəyişikliklərinə hesablanır.

Amma bunun nə dərəcədə uğurlu olacağı Vaşinqtonun siyasətində davamlılıq olub-olmamasından asılıdır. ABŞ xarici siyasətində administrasiyadan administrasiyaya fərqlər kifayət qədər nəzərə çarpır.

Nəticədə, gələcək münasibətləri müəyyən edən əsas amil emosiyalar deyil, maraqların kəsişmə nöqtəsidir. Əgər ABŞ–Ermənistan xəttində təhlükəsizlik, enerji, Rusiya amili və regional sabitlik kimi mövzularda ortaq platforma formalaşarsa, diasporanın ritorikası da uyğunlaşacaq. Əks halda isə daha sərt və tənqidi çıxışlar artacaq. Təbii Azərbaycan da öz maraqlarını önə alaraq bu prosesdə iştirak edəcəkdir”.

Tunar 

NOCOMMENT.az 

Chosen
34
1
nocomment.az

3Sources