EN

“Qarabağ” - “Nyukasl”:

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” İngiltərənin “Nyukasl” komandası ilə üz-üzə gələcək. “CBC Sport” kanalının və “Footcast TV”nin aparıcı eksperti Elçin Cəfərov Metbuat.az-a açıqlamasında oyun öncəsi fikirlərini bölüşərkən favoritin qonaq komanda olduğunu söyləyib. “Şübhəsiz ki, Qurban Qurbanov “Nyukasl”ın oyun planının necə qurulduğunu yaxşı bilir. Rəqib daha aqressiv, xüsusilə meydanın rəqibə aid hissəsində tətbiq etdiyi yüksək basqı ilə fərqlənən kollektivdir. Bu baxımdan “Qarabağ”ın sürətli keçidlərə üstünlük verən, fazalararası məsafəni dar saxlayan və geniş oynamağa çalışmayan komandaya qarşı hansı formada müqavimət göstərəcəyi əsas məqamlardan biridir. Gözləntilərə görə, “Qarabağ” yenə də öz ənənəvi oyun planına sadiq qalacaq, topa daha çox sahib olmağa çalışacaq. Ancaq topa sahib olmaq oyuna tam nəzarət etmək demək deyil. Rəqibin mərkəz müdafiəçilərinin tez-tez yarımmüdafiənin mərkəzinə doğru çəkildiyini nəzərə alsaq, sürətli ötürmələr və müdafiə arxasına atılan toplarla Kamilo Duran, Zubir və Leandro Andrade üçün fərqli imkanlar yarana bilər. Bu zaman boş zonaların düzgün qiymətləndirilməsi həlledici rol oynayacaq”.Ekspertin fikrincə, bunun üçün isə yarımmüdafiənin mərkəzi maksimum ayıq-sayıq olmalıdır: ““Liverpul”la oyunda da “Qarabağ” oxşar planı tətbiq etməyə çalışmışdı. Məqsəd rəqibin öz meydanında basqı ilə top çıxarmasına imkan verməmək idi. Lakin rəqib fazalararası və xətlərarası məsafəni o qədər qısa saxlamışdı ki, “Qarabağ” futbolçularının qərar verməsi üçün 2-3 saniyə belə vaxtı olmurdu. Temp çox yüksək idi. Bu baxımdan, “Nyukasl”la oyunda sürətə və tempə qarşılıq olaraq mərkəzdə topa daha çox sahib olmaq, ikili mübarizələrdə rəqibə yaxın oynamaq vacibdir. Xüsusilə müdafiə ilə yarımmüdafiə arasındakı zonada geri dönən topların qazanılması böyük əhəmiyyət daşıyır. Çünki “Nyukasl” hücum edərkən həmin topları “Qarabağ” qazansa, boş zonalar yaranacaq və Kamilo Duran müdafiə arxasına atılan ötürmələrlə təhlükəli epizodlar yarada bilər. Əlbəttə, bunu etmək asan deyil”. E.Cəfərov “Nyukasl”ın heyətində kifayət qədər təcrübəli futbolçular olsa da, məğlubedilməz komanda olmadığını qeyd edib: “Xüsusilə rəqibin mərkəz müdafiəsində mövqe sığortası baxımından müəyyən problemlər müşahidə olunur. Həmin zonaya daha çox təzyiq göstərmək və Kamilo Duranın mərkəzdə boşluq yaratmasına şərait yaratmaq istənilən nəticəyə aparan yollardan biri ola bilər. Sürpriz mümkündürmü? Bəli, futbolda hər şey mümkündür. Favorit yenə də “Nyukasl”dır, lakin “Qarabağ” “Bayer Leverkuzen” və “Çelsi” ilə oyunlarda olduğu kimi əzmkar mübarizə sərgiləyə bilər. Komandanın itirəcək heç nəyi yoxdur. Artıq Azərbaycan futbolu adına tarixi uğura imza atıblar və psixoloji baxımdan daha rahatdırlar. Bu matç həm də futbolçular üçün özlərini göstərmək, növbəti vitrinə çıxmaq baxımından mühüm fürsətdir. Qarşılaşmada məşqçilərin dueli də xüsusi diqqət çəkəcək. Əvvəlki oyunlarda son dəqiqələrdə edilən dəyişikliklər “Qarabağ” üçün müəyyən problemlər yaratmışdı. Ümid etmək olar ki, bu dəfə Qurban Qurbanov və texniki heyət oyunçu dəyişiklikləri seçimində daha dəqiq qərarlar verəcək və ssenari komandanın xeyrinə inkişaf edəcək”. Qeyd edək ki, matç bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
11
metbuat.az

1Sources