EN

Volodimir Zelenski: Cenevrədə Ukrayna-Rusiya danışıqları artıq son mərhələyə çata bilərdi

Kiyev, 18 fevral, AZƏRTAC

Cenevrədə danışıqlar artıq son mərhələyə çata bilərdi, lakin Rusiya onları təxirə salmağa çalışır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O qeyd edib: “Dünən həqiqətən çətin görüşlər oldu və biz belə bir nəticəyə gələ bilərik ki, Rusiya artıq son mərhələyə çatmış ola biləcək danışıqları təxirə salmağa çalışır”.

Zelenski Ukrayna nümayəndə heyəti qarşısında aydın bir vəzifə qoyduğunu bildirib: Rusiya ilə danışıqların məhsuldar olmasını təmin etmək və sülh yolu ilə həll şanslarını artırmaq üçün mümkün olan hər şeyi etmək. Digər məsələlərlə yanaşı, bu gün humanitar məsələ, yəni hərbi əsirlərin mübadiləsi və mülki şəxslərin azad edilməsi ilə bağlı addımlar müzakirə olunacaq.

“Biz Avropanın prosesdə iştirakını mümkün olan razılaşmaların daha da uğurla həyata keçirilməsi üçün çox vacib hesab edirik. Ukraynanın öz tərəfdaşlarının konstruktiv danışıqlar prosesini və nəticədə layiqli nəticəni təmin etmək qabiliyyətinə malik olduğuna şübhəsi yoxdur”, - deyə Prezident vurğulayıb.

O, həmçinin dünən, fevralın 17-də Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətlərinin hərbi və hərbi-siyasi məsələlər üzrə danışıqlar apardığını bildirib.

Zelenski əlavə edib ki, Ukrayna və Amerika nümayəndə heyətləri Birləşmiş Krallıq, Fransa, Almaniya, İtaliya və İsveçrə nümayəndələri ilə görüşüblər.

Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə əvvəlki danışıqlar raundları 23-24 yanvar və 4-5 fevral tarixlərində Əbu-Dabidə keçirilib. Tərəflər müharibənin sona çatması istiqamətində əhəmiyyətli irəliləyiş əldə edə bilməsələr də, beş aydan sonra ilk dəfə olaraq əsirlərin mübadiləsinə razılıq veriblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Chosen
23
5
azertag.az

6Sources