ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
Çinin Lop Nur bölgəsində qeydə alınan təkanlar nüvə silahı sınaqlarında müşahidə edilən partlayışa işarədir. Bu, Çinin iddia etdiyi kimi, zəlzələlər və ya mədən fəaliyyətləri ilə üst-üstə düşmür.
Reyting.az xəbər verir ki, bunu ABŞ-nın yüksək vəzifəli rəsmisi Kristofer Yeav deyib.
Vaşinqtondakı Hudson İnstitutunda keçirilən tədbirdə çıxış edən Yeav bildirib ki, sözügedən nüvə silahı sınağı 2020-ci ildə Çinin Sincan Uyğur Muxtar Bölgəsindəki Lop Nur obyekti yaxınlığında olub.
Onun sözlərinə görə, Qazaxıstandakı seysmik stansiya eyni tarixdə Lop Nur qurğusu ətrafında 2,76 bal gücündə titrəyiş qeydə alıb.
Məlumatları yenidən araşdırdığını bildirən Yeavın iddiasına görə, qeydə alınan titrəyiş zəlzələlər və ya mədən fəaliyyətlərinə uyğun gəlmir, bu, nüvə partlayışı sınaqlarında görülən tapıntı növüdür.
Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi üzrə Müqavilə Təşkilatı (CTBTO) eyni dövrdə Lop Nurda 12 saniyə fərqlə iki kiçik seysmik hadisənin aşkar edildiyini, lakin bu məlumatların hadisənin səbəbini qəti şəkildə qiymətləndirmək üçün kifayət etmədiyini açıqlayıb.
Xatırladaq ki, 2020-ci ildə ABŞ Pekin administrasiyasının Cənubi Sincan Uyğur Muxtar Bölgəsindəki qədim duz gölü olan Lop Nur bölgəsinin altında geniş qazıntı işləri apardığını və ərazidə “yeraltı nüvə sınaq poliqonu” yaratdığını iddia etmişdi. Çin Xarici İşlər Nazirliyi isə bu iddiaları təkzib edərək, Çinin nüvə silahları ilə bağlı öhdəliklərini yerinə yetirdiyini bildirmişdi.
E. KAMAL
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.