EN

Bakıda tarixi sınaq: Texnika və əzmkarlıq fiziki gücə və sürətə qarşı

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 18 fevral, Cavid Əliyev, AZƏRTAC

Bu gün bütün Azərbaycan yenə futbolla nəfəs alacaq. Çünki ölkə çempionu “Qarabağ” tarixi oyunda İngiltərənin ən köklü klublarından biri olan “Nyukasl”la üz-üzə gələcək. Bu, sadəcə növbəti avrokubok matçı deyil – xarakter, səbir və səviyyə sınağıdır.

“Qarabağ” artıq illərdir Azərbaycan futbolunun Avropadakı bayraqdarıdır. Ağdam təmsilçisi hər mövsüm sübut edir ki, ad-san və büdcə hər şeyi həll etmir. İntizam, sistem və düzgün qurulmuş oyun planı böyük fərqlər yarada bilər. Bakıda isə bu komanda tamam başqa olur – daha aqressiv, daha inamlı və daha cəsarətli.

Bu gün meydanda təkcə futbolçular deyil, bir şəhərin, bir ölkənin qüruru olacaq.

İngiltərə təmsilçisi ilə güc və sürət mübarizəsi

“Nyukasl” İngiltərə Premyer Liqası tempinin canlı nümunələrindən biridir. Fiziki güc, sürətli cinah keçidləri və təzyiq altında oynamaq bacarığı rəqibin əsas silahıdır. Qurban Qurbanovun da dediyi kimi, “Nyukasl” dünyanın 1 nömrəli liqasının təmsilçisidir. İngiltərə futbolu yüksək sürəti və gərgin mübarizəsi ilə seçilir. “Qarabağ” bunun qarşısını texnikalı, nizam-intizamlı və əzmkar oyunu ilə ala bilər.

Ancaq rəqib üçün də oyunun çətin keçəcəyi dəqiqdir. Çünki avrokuboklarda səfər matçları heç vaxt asan olmur. Xüsusilə də “Tofiq Bəhramov” kimi kimi emosional atmosferə sahib stadionlarda. Bakıda böyük oyunların öz ruhu olur. Tribunalardakı enerji komandaya əlavə güc verir. Erkən qol tribunaları daha da coşdura, vəziyyəti “Qarabağ”ın xeyrinə dəyişə bilər. Odur ki, azarkeşlər bu gün sadəcə izləyici deyil, həm də 12-ci oyunçu olacaq.

Meydanın mərkəzində amansız mübarizə

Oyunun taleyi, böyük ehtimalla, meydanın mərkəzində həll olunacaq. “Qarabağ” topa daha çox sahib olub öz oyununu diktə etməyə çalışacaq, “Nyukasl” isə əks-hücumlar və sürətli keçidlər hesabına nəticə qazanmaq istəyəcək.

Ən vacib məqamlardan biri konsentrasiya olacaq. Bu cür oyunlarda bir anlıq diqqətsizlik bütün planları poza bilər. Müdafiədə intizam, hücumda isə soyuqqanlılıq əsas şərtdir.

Favorit kimdir?

Kağız üzərində favorit “Nyukasl” hesab olunur. Amma futbol kağız üzərində deyil, meydanda oynanılır. “Qarabağ” illərdir sürprizlərə imza atan komanda imici formalaşdırıb və böyük adlardan çəkinmədiyini dəfələrlə sübut edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
76
1
azertag.az

2Sources