Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “Fox News”a müsahibəsi zamanı bildirib ki, ABŞ İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək.
Vitse-prezidentin müsahibəsini Redaktor.az-a şərh edən siyasi şərhçi Şakir Ağayev qeyd etdi ki, nüvə silahına icazə verməmək Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın İrana qarşı qəti proqramıdır:
"Biz bilirik ki, Tramp birinci prezidentliyi dövründə 5+1 formatında İranla bağlanmış nüvə sazişindən Amerikanı çıxarmışdı və ikinci prezidentliyi dövründə də əsas prioritetlərindən biri İranda nəinki nüvə silahının, hətta nüvə enerjisinin mövcudluğuna imkan verməməkdir. Yayda baş vermiş 12 günlük İsrail-İran müharibəsi zamanı ABŞ-nin İranın nüvə obyektlərini bombalaması da bunu bir daha sübut etdi. ABŞ, sözsüz ki, İranda nəinki nüvə silahının, hətta nüvə enerjisinin olmasında maraqlı deyil. Biz bilirik ki, nüvə enerjisi mövcud olduğu halda, istənilən anda zənginləşdirilərək silaha çevrilə bilər. Əgər İran nüvə silahı əldə edərsə, bu, ABŞ-nin Yaxın Şərqdəki maraqlarına ciddi zərbə vura bilər. Çünki biz bilirik ki, ABŞ-İran münasibətləri 1979-cu ildən etibarən düşmənçilik səviyyəsindədir. Hətta iki ölkə arasında diplomatik münasibətlər yoxdur və danışıqlar birbaşa deyil, vasitəçilər üzərindən aparılır".
Müsahibimiz vurğuladı ki, İranın nüvə silahı əldə etməsi, ilk növbədə Donald Trampın yaxın müttəfiqi olan İsrail üçün daimi təhlükə deməkdir.
"Bu isə İsrailin maraqlarına qətiyyən uyğun deyil. İsrail açıq şəkildə bəyan edib ki, İran heç bir halda nüvə silahı əldə etməməlidir. Ümumiyyətlə, İsrail güclü İran dövlətini özü üçün təhlükə hesab edir. Bugünkü Amerika administrasiyasının İsraillə münasibətlərinə, eləcə də Donald Trampın Netanyahu ilə şəxsi münasibətlərinə baxsaq, görərik ki, Amerika bu məsələni qəti şəkildə prioritet sayır.
Bundan əlavə, İranın nüvə silahı əldə etməsi Yaxın Şərqdə ABŞ-nin müttəfiqləri olan Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanını çətin vəziyyətə sala bilər. Səudiyyə Ərəbistanı xüsusi olaraq qeyd edib ki, belə bir hal baş verərsə, özü də nüvə silahı əldə etmək imkanlarını araşdıracaq. Bu isə nüvə silahının yayılması və Yaxın Şərq ölkələrinin nüvə silahına malik olması deməkdir ki, nəticədə onların təhlükəsizlik baxımından Amerikadan asılılığı azalır. Regionda NATO üzvü olan Türkiyə də yerləşir və ABŞ belə bir coğrafiyada İranın nüvə silahı əldə etməsini istəmir. Ona görə də Ceyms Devid Vens Trampın siyasətinə uyğun mövqe nümayiş etdirir. O, vitse-prezident kimi qəti şəkildə bəyan edib ki, İranın heç bir halda nüvə silahına malik olmasına imkan verilməyəcək və bu məsələ ABŞ üçün prioritetdir. Baxmayaraq ki, Tramp 12 günlük müharibə zamanı dəfələrlə İranın nüvə potensialının tam sıradan çıxarıldığını bildirmişdi, bugünkü danışıqlar bunun tam belə olmadığını göstərir", - deyə siyasi şərhçi yekunlaşdırdı.
Nuriyyə NATİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.