EN

Rəşt-Astara dəmir yolu layihəsinin praktiki icrasına aprelin 1-də başlanacaq

Moskva, 18 fevral, AZƏRTAC

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolu layihəsinin praktiki icrasına 2026-cı il aprelin 1-də başlanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Sergey Tsivilyov RF ilə İran arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası çərçivəsində jurnalistlərə bildirib. O bildirib ki, tərəflər əvvəllər layihənin başlanmasını gecikdirən bütün mübahisəli məsələləri, o cümlədən torpaq qeydiyyatı və lazımi güzəştlərin əldə edilməsi problemlərini həll edə biliblər. Nazir qeyd edib ki, layihənin başlanması ilə bağlı yekun razılaşmanın aprelin 1-də Rusiyada keçiriləcək Nəqliyyat Həftəsi zamanı imzalanması planlaşdırılır.

İranda tikilməkdə olan Rəşt-Astara dəmir yolu xətti (162 km) “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb qolunda əsas çatışmayan halqadır. Marşrut Rusiyanı Azərbaycan vasitəsilə İranla və daha sonra Süveyş kanalından keçən dəniz yollarından keçərək Hindistanla birləşdirir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Chosen
84
1
azertag.az

2Sources