EN

Bakı “Neokolonializm və qlobal bərabərsizlik” adlı beynəlxalq konfransa ev sahibliyi edir  

Bakı şəhəri Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm və qlobal bərabərsizlik” adlı beynəlxalq konfransa ev sahibliyi edir.

AZƏRTAC xəbər verir ki, sabah başlayacaq konfransda ilk dəfə olaraq müstəmləkə ərazilərinin yerli əhalisi ilə birbaşa yerində işləyən antropoloqlar və psixoterapevtlər, müstəmləkəçiliyə həsr edilmiş Virtual Muzeyin yaradılmasında iştirak etmiş ekspertlər, eləcə də həmin ərazilərdə fəaliyyət göstərən müstəqillik hərəkatlarının rəhbər şəxsləri, həmçinin neokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılar iştirak edəcəklər.

Tədbir çərçivəsində müxtəlif sosial və mədəni kontekstlərdə müstəmləkəyə məruz qalmış xalqların travmatik və sosial təcrübələri, müstəmləkə güclərinin qanunsuz fəaliyyətindən qaynaqlanan struktur problemlər və davam edən bərabərsizlik hallarının birbaşa öyrənilməsi, eləcə də bu təcrübələrin sənədləşdirilməsi, təhlili və beynəlxalq müstəviyə çıxarılması üçün məlumatlara əlçatanlığın təmin olunması məsələləri ətrafında müzakirələr aparılacaq.

Eyni zamanda, fərdi həyat hekayələrinin sənədləşdirilməsi və bu tipli materialların beynəlxalq platformalarda yayılması, xüsusilə kolonializmin əsarət altında yaşayan xalqlarda yaratdığı travmatik təsirlər və psixoloji nəticələrinin elmi tədqiqat obyekti kimi nəzərdən keçirilməsi məsələləri gündəmə gətiriləcək. Müzakirələrdə, həmçinin rəqəmsal və elmi platformaların beynəlxalq təşkilatların müvafiq virtual sistemləri ilə inteqrasiyası, müstəmləkəçiliyi tədqiq edən beynəlxalq araşdırma qrupları, ekspertlər və məhkəmə materialları üçün əlçatanlığın təmin olunması məsələləri diqqət mərkəzində olacaq.

Konfrans tarixi baxımdan əhəmiyyətlidir. Belə ki, ilk dəfə olaraq antropoloqlar və psixoterapevtlər müstəmləkə əsarətindən təsirlənən yerli əhali ilə birbaşa işləyərək fərdi və qrup müsahibələr aparıb, travmatik təcrübələri qiymətləndirib, həyat hekayələrini sənədləşdirib, həmçinin sosial, mədəni və psixoloji təsirləri sistemli şəkildə qeydə alıblar. Toplanmış materiallar beynəlxalq təşkilatlarla əməkdaşlıq edən məruzəçilər, ekspertlər və məhkəmələr tərəfindən istinad edilə biləcək etibarlı və şəffaf informasiya mənbəyi rolunu oynayır.

Chosen
43
17
azerbaijan-news.az

10Sources