EN

Psixoloqlardan XƏBƏRDARLIQ: ChatGPT terapevt deyil!

Rəqəmsal dövrdə insanlar gündəlik suallardan tutmuş ən həssas şəxsi mövzularadək bir çox məsələdə süni intellekt platformalarına üz tutur. Xüsusilə son aylarda psixoloji çətinliklərlə bağlı müraciətlərin artması fonunda ChatGPT kimi alətlərə maraq daha da yüksəlib. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, virtual məsləhət real terapiyanı əvəz edə bilməz.

Psixoloq Leyla Əli Editor.az-a bildirib ki, son dövrlər insanlar bir çox mövzuda ChatGPT ilə məsləhətləşirlər:

“Süni intellektin məlumatlandırıcı və istiqamətverici tərəfləri olsa da, xüsusilə psixoloji mövzularda diqqətli olmaq vacibdir. ChatGPT ümumi məlumat və ilkin emosional dəstək verə bilər, lakin o, həkim və ya psixoloqu əvəz etmir. Canlı ünsiyyət, klinik qiymətləndirmə və fərdi terapiya prosesini süni intellekt tam şəkildə təmin edə bilməz.

Təəssüf ki, tez-tez rastlaşdığımız hallardan biri də pasiyentlərin bir-birinə “ChatGPT ilə danış, məsləhət al” tövsiyəsi verməsidir. Unutmaq olmaz ki, psixoloji yardım hər kəs üçün eyni formada tətbiq edilə bilməz. Hər insanın həyat hekayəsi, simptomların şiddəti və ehtiyacları fərqlidir. Psixoloji iş bir çox hallarda komanda işidir: biz pasiyenti müayinə edir, ehtiyac olduqda nevroloq və ya psixiatra yönləndiririk. Bəzi hallarda medikamentoz dəstək, tibbi müayinə və paralel müalicə zəruri ola bilər.

Xüsusilə depressiya, obsessiv kompulsiv pozuntu, panik atak, uşaqlarda davranış və inkişaf problemləri ilə bağlı şübhə olduqda vaxt itirmədən ixtisaslı mütəxəssisə müraciət etmək vacibdir. Düzgün diaqnoz və effektiv müdaxilə yalnız peşəkar qiymətləndirmə əsasında mümkündür. Süni intellekt faydalı vasitə ola bilər, lakin psixi sağlamlıq məsələlərində əsas dayaq hər zaman mütəxəssis dəstəyi olmalıdır”.

//Gülnarə Abasova, Editor.az

Chosen
95
editor.az

1Sources