EN

Rusiyanın hava hücumları nəticəsində dağılan Odessa 

Rusiya-Ukrayna müharibəsində ən çox ziyan görən şəhərlərdən biri də Odessadır. Ukraynanın bu şəhəri və onun vilayəti son aylar demək olar ki, hər gün kütləvi hava hücumlarına məruz qalır. Ən çox zərər çəkən, həlak olan və xəsarət alanlar isə dinc sakinlərdir.

AZƏRTAC-ın çəkiliş qrupu Odessaya yollanaraq, şəhərdə Rusiya ordusunun yaşayış binalarına və enerji infrastrukturuna endirdiyi son hava zərbələri ilə bağlı reportaj hazırlayıb.

Şəhərə dəfələrlə ballistik və qanadlı raketlərlə, zərbə dronları ilə həyata keçirilən hava hücumları nəticəsində Odessada dağıdılan mülki obyektlərin sayı kifayət qədər çoxdur. Hərbi obyektlərin olmadığı yaşayış məntəqələri belə dron və raket hücumlarına məruz qalıb.

Hər an həyatımızı itirməklə üz-üzəyik

Hava zərbəsi nəticəsində Odessada bir hissəsi tamamilə uçan yaşayış binasının sakini Olqa Popeskul AZƏRTAC-a açıqlamasında bildirib ki, dağılan binanın üçüncü mərtəbəsində yerləşən, divarın bir hissəsinin olmadığı mənzil ona məxsusdur. “Hava zərbəsi zamanı uşağımla birlikdə dəhlizdə gizləndik, həmin an dronun zərbəsi qonşunun divarını uçurdu. Biz çox ciddi stres yaşadıq. Hər dəfə narahatlıq bizi bürüdükdə dəhşətə gəlir və sığınacaq axtarırıq. Bu anları təsvir etmək belə mümkünsüzdür. Hər kəs bunu özü yaşamalıdır və o zaman həyatlarını itirmək təhlükəsi ilə üzləşməyin necə ağır olduğunu başa düşəcəklər”, - deyə Odessa sakini əlavə edib.

Olqa danışa-danışa qəhər işində boğulurdu: "Bu uşaqlar boş yerə ölürlər. Kaş ki, bu müharibə bitəydi və problem daha tez həll edilərdi. Çünki çox şey var, insan qəbiristanlığa gedəndə və orada uyuyan uşaqları görəndə dəhşətə gəlir. Hansı ki, o uşaqlar torpağın altında yox, ailəsi - atası, anası, bacısı, qardaşı ilə birlikdə olmalı idilər. Bu, həqiqətən də ağrılıdır."

Qeyd edək ki, sözügedən binanın dağıntıları altından 4 sakinin cəsədi çıxarılıb.

Odessanın mərkəzindəki bazar bombalanıb

Bu günlərdə endirilən hava zərbəsi nəticəsində şəhərin mərkəzi hissəsində yerləşən “Çeryomuşki” bazarının böyük bir hissəsi tamamilə dağılıb. Hazırda bazar dağıntıların əmələ gətirdiyi tullantılardan təmizlənir. Kiçik sahibkarlar və işsiz qalan satıcılar hərbi və strateji obyekt hesab olunmayan bazarın bombalanmasını ədalətsiz hesab edirlər.

Bazarda yanaraq kül olan obyektin satıcısı Andrey Kravçenko AZƏRTAC-a bildirib ki, insanlar bazarda yalnız ticarət edir və işləyirdilər: “Ruslar onlara heç bir zərər verməyən bir bazarı bombaladılar. Burada strateji obyekt yox idi. İnsanlar sadəcə işləyirdilər”.

Enerji infrastrukturu hədəfdədir

Odessa şəhərinə edilən hava hücumları zamanı əsas hədəflərdən biri də enerji infrastrukturu olub. Bir neçə gün öncə endirilən hava zərbəsi nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb. Energetiklər bu infrastrukturun bərpası üçün gecə-gündüz işləyirlər.

Ötən ilin oktyabrından indiyədək Odessa şəhəri və vilayəti sıradan çıxan enerji obyektlərinin sayına görə digər bölgələrdən fərqlənir.

Chosen
10
2
azerbaijan-news.az

3Sources