EN

Zaxarova Polşadan Ljedmitri dövrünün “borcunu” geri qaytarmağı tələb edib

Rusiya XİN sözçüsü Varşavanın mümkün reparasiya iddialarına istehzayla cavab verib...

Poliqon xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zakharova Polşanın Moskvadan “sovet hökmranlığının nəticələrinə görə” reparasiya tələb etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Diplomat Radio Sputnik-in efirində çıxışı zamanı tarixi paralellər apararaq istehzalı açıqlama verib. O, Polşanın hələ də I Ljedmitri və II Ljedmitrinin həyat yoldaşı olmuş Marina Mnişekin “bütün hesablarını ödəmədiyini” deyib. “Biz hələ də onların kreditorlarıyıq, desək, səhv olmaz, bizdə onlar tərəfindən ödənilməmiş veksellər var”, – deyə Zaxarova zarafatla qeyd edib.

Fevralın 17-də Financial Times qəzeti yazıb ki, Polşa Rusiya əleyhinə “reparasiya” iddiası qaldırmağa hazırlaşır. Nəşrin məlumatına görə, söhbət “sovet hökmranlığı” dövrünün nəticələrinə görə kompensasiya tələbindən gedir.

Məqalədə xatırladılıb ki, Varşava 2022-ci ildə də Almaniyadan İkinci Dünya müharibəsi dövründə törədilmiş cinayətlərə görə 1,3 trilyon avro məbləğində təzminat tələb etmişdi. Hazırda isə Polşa hökuməti Rusiyanın “tarixi cinayətlərini” araşdırmaq üçün xüsusi institutun fəaliyyətini genişləndirməyi planlaşdırır. Həmin institutun direktoru Bartosz Qondek bildirib ki, yeni araşdırma daha genişmiqyaslı olacaq, çünki Polşada “sovet hökmranlığı” 40 ildən artıq davam edib.

Rəsmi Moskva isə Polşanın mümkün hüquqi addımlarına hələlik formal cavab verməyib, lakin Zaxarovanın açıqlaması iki ölkə arasında tarixi və siyasi məsələlər fonunda polemikanın davam etdiyini göstərir.

Poliqon.info

Chosen
58
poliqon.info

1Sources