EN

Alıcı niyə Gədəbəy və Tovuz kartofuna həsrət qalıb?

Azərbaycanda kartof istehsalı və ixracı son illərdə artım göstərsə də, daxili bazarda yerli məhsulun payı getdikcə azalır. 

Statistikaya görə, bu ilin yanvar ayında ölkə 65 min ABŞ dolları dəyərində 189 ton kartof ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 96,6 %, həcm baxımından isə 67,3 % çoxdur. 

Lakin kartof ixracından əldə olunan gəlir ölkənin ümumi ixrac gəlirlərində cüzi paya malikdir və daxili bazarın əsas tələbatını ödəməkdə hələ də yetərli deyil. 

Bir zamanlar keyfiyyəti ilə seçilən Gədəbəy və Tovuz kartofu həm alıcıların, həm də satıcıların üstünlük verdiyi məhsullar sırasındaydı. Lakin son illər yerli istehsalın bazardakı payının azalması nəticəsində əsasən xaricdən gətirilən kartof daxili tələbatı ödəyir. 

Azərbaycanda fermerlərin ən böyük problemi subsidiyaların azlığıdır. Dövlət onlara müəyyən maliyyə dəstəyi göstərir, amma bu dəstək məhsul yetişdirmək üçün lazım olan bütün xərcləri qarşılaya bilmir. Belə vəziyyətdə fermerlər həm torpağın münbitliyi, həm də iqlim dəyişikliyi kimi təbii risklərlə təkbaşına mübarizə aparmalı olurlar. 

Subsidiyaların az olması həm də daxili bazarda yerli kartofun payının azalmasına səbəb olur. Fermerlər məhsul istehsalını artırmaqda çətinlik çəkdikcə, bazarda xaricdən gətirilən kartof üstünlük qazanır. Bu kimi səbəblərdən Azərbaycanda kartof tələbatını ödəmək üçün xaricdən gətirilən məhsulun payı hər il artır. 

Bu, həm yerli fermerlərin bazardakı mövqeyini zəiflədir, həm də alıcılar üçün seçimləri məhdudlaşdırır. Bəzən xaricdən gələn kartof daha ucuz olsa da, keyfiyyətdə müəyyən fərqlər olur. Niyə kartof ölkədə istehsal olunsa da, daxili tələbatı tam ödəyə bilmirik? 

Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, Azərbaycanın kartof istehsalında ciddi problemlər müşahidə olunur: 

“Hazırda xarici ölkələrə göndərdiyimiz məhsul əslində “faraş” kartofudur, yəni ötən ilin dekabr ayında yetişmiş təzə kartofdur. İldə iki dəfə əkin həyata keçirilir, bir mövsümündə çıxarılır, digər mövsümdə ilin sonunda. 

Ümumiyyətlə, keçən il kartof istehsalı zəif olub, son vaxtlar isə kartof tədricən bazarda azalır. Həm də kartof istehsalçılarının sayı azalır. Nəticədə Azərbaycan özünü təmin edə bilmir, 189 min ton kimi göstərilən məhsul əslində təxminən 10 yük maşının yükünə bərabərdir, amma biz 200 min tona qədər idxal edirik”. 

Ekspert deyib ki, idxal istehsaldan daha çoxdur: 

“Bunun bir neçə səbəbi var. Təəssüf ki, kartof istehsalı digər sahələrdə olduğu kimi qaydaya salına bilməyib. Biz toxum materialını istehsal edə bilmirik, adi kartof yumrularını toxum kimi istifadə edirik ki, bu da məhsuldarlığı artırmaq üçün kifayət etmir. Bu baxımdan, toxumçuluq sahəsində ciddi problemlər mövcuddur. Digər tərəfdən, suvarma suyunun təminatı da problemlidir”. 

Onun sözlərinə görə, sahə üzrə peşəkarların olmaması da ciddi çatışmazlıqdır: 

“Fermerlərə daimi məsləhət verilməlidir, lakin bu sistem qurulmayıb. Almaniyada, məsələn, əgər aqronom deyilsə, ona torpaqdan istifadə etmək hüququ verilməz, ümumiyyətlə, aqronom olmayan şəxslərə bitkiçiliklə məşğul olmaq üçün torpaq verilmir. 

Bizdə isə pay torpağı verilir, amma çoxları bunun texniki tərəfini bilmirlər. Ona görə də aqronomların olması və məsləhəti vacibdir. Problemlər həm də idarəetmədədir. Kənd Təsərrüfatı Nazirliyi bu sahədə nə edəcəyini və necə edəcəyini bilməli, siyasəti müəyyən etməlidir. 

Qanuni baza zəifdir, sahədə görüləcək işlər çoxdur. Milli Məclisdə belə aqronom yoxdur. Halbuki Azərbaycan əhalisinin təxminən yarısı kənddə yaşayır və işləyir, ona görə də aqronom bilikləri həyati əhəmiyyət daşıyır”. 

Ekspert qeyd edib ki, subsidiya isə çox vaxt qeyri-səmərəli biznesi stimullaşdırır: 

“Neçə illərdir subsidiya verilsə də, onu ayıranlar da nəyə görə verdiklərini bilmir. Verilən hər manat istehsalda artım yaratmalıdır. Yəni subsidiyanın məqsədi yalnız maliyyə vermək deyil, istehsalın həcmini artırmaq olmalıdır. Yaxşı ölkələrdə subsidiya sistemləri fərqli işləyir. 

Bizdə isə yalnız subsidiya məsələsi həlli təmin etmir, su, keyfiyyətli gübrə, dayanıqlı toxum, davamlı suvarma və anbar şəraiti olmadan subsidiya faydasızdır. Fermer istehsal etdiyi məhsulun bir hissəsini anbarlarda saxlamalıdır, amma kartofu çıxaran texnika da yetərli deyil. Buna görə də Azərbaycanda kartof istehsalının həcmi hələ də qənaətbəxş səviyyədə deyil”. 

Chosen
17
1
cebheinfo.az

2Sources