EN

Siyəzəndə gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi ilə əlaqədar tədbir keçirilib

Bakı, 18 fevral, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Siyəzəndə tədbir keçirilib.

SHXÇDX-dən AZƏRTAC-a verilən məlumata görə, “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda görüş Siyəzən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilib.

Görüşdə açılış nitqi ilə çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov və Siyəzən rayon bölməsinin rəisi polkovnik-leytenant Füzuli Əliyev gənclərə vətənpərvərlik hissi, qalib ölkənin əsgəri olmağın üstünlükləri, sağlam həyat, təhsil möhləti, qanunvericilik və digər mühüm məsələlər barədə ətraflı məlumat veriblər.

Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçısı və digər qonaqlar çıxış edərək öz təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil olunub və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.

Chosen
21
9
azertag.az

10Sources