EN

Şiri Şiriyev: Müzakirələr C6 formatında etimadın möhkəmləndirilməsinə töhfə verəcək

Bakı, 18 fevral, AZƏRTAC

C6 formatının strateji əhəmiyyəti olduqca böyükdür. Bu platforma təkcə dialoq üçün məkan deyil, eyni zamanda, qlobal qeyri-sabitlik şəraitində ortaq həll yollarının tapılmasına, qarşılıqlı faydaya əsaslanan davamlı iqtisadi əlaqələrin qurulmasına və humanitar əməkdaşlıq, təcrübə mübadiləsi vasitəsilə etimadın möhkəmləndirilməsinə xidmət edən canlı mexanizmdir.

AZƏRTAC xəbər verir ki, bunu Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutu yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev fevralın 18-də Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək -Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Ş.Şiriyev bildirib ki, bu prosesdə ekspert icmasının rolu xüsusilə önəmlidir. Analitiklər, tədqiqatçılar və beyin mərkəzlərinin nümayəndələri məhz düşünülmüş və balanslı qərarların qəbulu üçün zəruri olan intellektual bazanı formalaşdırırlar. Ekspertlərin tövsiyələri ideyaların konkret əməkdaşlıq mexanizmlərinə çevrilməsinə, potensial risklərin qabaqcadan qiymətləndirilməsinə və yeni imkanlardan səmərəli istifadə olunmasına şərait yaradır. Eyni zamanda, müxtəlif ölkələrdən olan ekspertlərin fəal qarşılıqlı əlaqəsi bütün tərəflərin maraqlarını nəzərə alan vahid regional gündəliyin formalaşmasına töhfə verir.

“Ümidvaram ki, bugünkü müzakirələrimiz C6 formatında etimadın möhkəmləndirilməsinə, əməkdaşlıq üfüqlərinin genişlənməsinə və regionun uzunmüddətli inkişafına dair ortaq baxışın formalaşmasına real töhfə verəcək”, - deyə o əlavə edib.

Chosen
42
azertag.az

1Sources