EN

İranın 12 nüvə bombası hazırlamaq üçün uranı var

WSJ: İran ABŞ-yə yüksək zənginləşdirilmiş uranın bir hissəsini Rusiyaya verməyə hazır olduğunu bildirib..

İran nümayəndələri fevralın 6-da Omanda ABŞ ilə keçirilmiş danışıqların ilk raundu zamanı yüksək zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini üçüncü tərəfə, ehtimal ki, Rusiyaya ötürməyə hazır olduqlarını bəyan ediblər.

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal fevralın 17-də iranlı, ərəb və amerikalı rəsmilərə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, hazırda İranın sərəncamında olan yüksək zənginləşdirilmiş materialın həcmi təxminən 12 nüvə bombası hazırlamaq üçün kifayət edə bilər. Bu qiymətləndirmə Qərb rəsmilərinin hesablamalarına əsaslanır və Tehranla bağlı narahatlıqları daha da artırır.

Diplomatik mənbələrin bildirdiyinə görə, İran eyni zamanda ABŞ-yə kompromis variant kimi uranın zənginləşdirilməsini üç ilədək müddətə dayandırmağı təklif etməyə hazır olduğunu da çatdırıb. Lakin Vaşinqtonun mövqeyi daha sərtdir, ABŞ tərəfi İranın uranın zənginləşdirilməsini tamamilə dayandırmasını tələb edir.

Məlumata görə, tərəflər arasında əsas fikir ayrılığı İranın nüvə proqramının gələcək taleyi və nəzarət mexanizmləri ilə bağlıdır. ABŞ administrasiyası hesab edir ki, zənginləşdirmənin tam dayandırılması regionda təhlükəsizliyin təmin olunması üçün əsas şərtdir. İran isə öz növbəsində nüvə proqramının dinc məqsədlər daşıdığını iddia edir və məhdudiyyətlərin mərhələli şəkildə tətbiqini mümkün kompromis kimi təqdim edir.

Qeyd olunur ki, Omanda keçirilən görüş tərəflər arasında son illərdə ilk birbaşa təmaslardan biri olub və danışıqların davam etdirilməsi planlaşdırılır. Ekspertlərin fikrincə, İranın ehtiyatların bir hissəsini üçüncü ölkəyə ötürmək təklifi mümkün razılaşma üçün etimad yaradan addım kimi qiymətləndirilə bilər, lakin yekun qərar tərəflərin qarşılıqlı güzəştlərindən asılı olacaq.

Poliqon.info

Chosen
94
poliqon.info

1Sources