EN

Şahbulaq qalası bərpa olunur: 3,5 milyonluq müqavilə ilə bağlı suallar yaranır

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi “M-TND” MMC ilə satınalma müqaviləsi imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, müqavilədə Ağdam rayonunun Şahbulaq kəndi ərazisində yerləşən Şahbulaq qalasının bərpası və qala ətrafında turizm infrastrukturunun yaradılması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 3 530 196,47 manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “M-TND” MMC 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, ev 28A, mənzil 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Kəlbiyev Nazim Kəlbi oğludur. Nazim Kəlbiyevdən əvvəl şirkətin qanunin təmsilçisi Mirbabayev Mirdaməd Rais oğlu olub.

Açıq mənbələrdə “M-TND” MMC haqqında heç bir məlumat yoxdur. Media resurslarında isə şirkət adına 11 il əvvəl dərc edilmiş bir məlumatda rast gəlinir. Həmin məlumatda qeyd edilir ki, ödənilməmiş cərimələri olan bir avtomobilin dövlət nömrə nişanı “M-TND” MMC-yə məxsusdur. “M-TND” MMC ilə bağlı internet üzərindən apardığımız araşdırmalar zamanı belə bir müəssisə qarşımıza çıxmadı. Deməli, bu müəssisə sadəcə olaraq AA seriyalı nömrə üçün yaradılmış formal MMC-dir”, deyə Avtosfer.az saytının yayımladığı həmin məlumatda bildirilir.

Belə bir şirkətə Şahbulaq qalasının bərpası və ətarında turizm infrastrukturunun yaradılması kimi iri layihənin tapşırılması suallar doğurur.

Yeri gəlmişkən, satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. Bu satınalmada birmənbə metodunun tətbiq edilməsinin hansı zərurətdən yarandığı aydın deyil.

“Dövlət satınalmaları haqqında” Qanunun 49-cu maddəsinə görə birmənbə metodu aşağıdakı hallarda tətbiq edilir:

49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:

49.1.2.1. tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olarsa və ya bu hallar satınalan təşkilatın bilərəkdən gözləməsinin nəticəsi olmadıqda;

49.1.2.2. təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

49.1.3. satınalan təşkilat hər hansı təchizatçıdan satınalma predmetini satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə əsasən və ya mövcud satınalma predmetinə uyğunluğu təmin etmək zərurəti baxımından satınalma predmetini həmin təchizatçıdan satın alınması qənaətinə gəldikdə, habelə keçirilməsi planlaşdırılan satınalma texnoloji və ya müəlliflik hüququ baxımından əvvəlki satınalma predmetinin davamı olduqda;

49.1.4. satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda. /qaynarinfo /

Chosen
20
1
nocomment.az

2Sources