"Qarabağ"ın prezidenti Tahir Gözəl jurnalistlərə açıqlama verib.
"Football-plus.az" klub rəhbərinin fikirlərini diqqətinizə çatdırır.
- Sabahkı oyundan gözləntiləriniz nədi?
- Bu gün harda olduğumuzu dərk etməliyik. Avropada yüksək liqada oynayan 850 klub var. Onların əksəriyyətinin büdcəsi bizdən qat-qat yüksəkdi. 2-ci Iiqa klublarını da götürsək, onların bir çoxunun büdcəsi bizdən çoxdu. Demək olar ki, 2000-2500 klubun arasında ilk "24-lük"dəyik. Bu, doğrudan da möcüzədi. Hamımızda böyük qürur və özünəinam yaranmalıdı. "Qarabağ" son vaxtlar gərgin qrafikdə idi. İki dəfə Şamaxıda süni örtükdə, Qubada gilin üstündə oyun keçirdik. Futbolçularımızda fiziki cəhətdən yorğunluq yaransa da, Qurban Qurbanovun dediyi kimi, "Qarabağ"da motivasiya ən yüksək səviyyədədi. Sabahkı oyunun önəmini bilirik. Əminəm ki, futbolçular özlərində ilahi bir qüvvə tapacaq. "Ayntraxt"la matçda 65-ci dəqiqədən sonra hücumlar edib qələbə qazandıq. İnanıram ki, sabah da belə olacaq. "Nyukasl" İngiltərənin fiziki cəhətdən ən yaxşı klublarından biridi. Büdcəsi 1milyard dollardı. Büdcə baxımından bizdən 50 qat öndədir. Amma onlar qarşılarında inamlı, hər zamankı kimi hücum futbolu oynayan bir "Qarabağ" görəcəklər. Nəticənin necə olacağını bilmirəm. Arzum budu ki, oynadığı oyunla xalqın alqışını alan bir "Qarabağ" görək. Buralara baş məşqçimiz Qurban Qurbanovun, futbolçuların, Prezident İlham Əliyev və xalqımızın dəstəyi sayəsində gəlmişik. Sabah hamımız "Qarabağ"ın yanında olaq. İnşallah xalqımızı sevindirmək bizə qismət olar.
- Çempionlar Liqasından əldə olunan gəlirləri də nəzərə alsaq, gələn mövsüm üçün büdcənin artmaq ehtimalı var?
- Əlbəttə ki, artacaq. Builki qazancımızı 2-3 il üçün planlayıb oyun qabiliyyətimizi necə artıra biləcəyimizi düşünəcəyik. Qurban müəllimlə daim təmasdayıq. Ona dəstək veririk. Hər mövqe üçün futbolçu axtarırıq. "Qarabağ" bazardadı, keyfiyyətimizi artırmaq üçün əlimizdən gələni edirik.
- "Nyukasl"la oyunlarda sizi qayğılandıran məqamlar var?
- Arzum budu ki, Bakıdakı oyunda qələbə qazanaq. Burdan qələbə ruhu ilə çıxsaq, İngiltərədə nəticə əldə edə bilərik.
- Yeni mövsümdə Çempionlar Liqasında iddianın davam etməsi üçün premyer-liqada çempion olmaq lazımdı. Hazırda "Qarabağ" 2-ci pillədədi. Bu, sizi qayğılandırır?
- Yüz faiz. "Qarabağ"ın hədəfi Avropadısa, bu tempdə bir tərəfdə itki olacaq. Bu, bir faktdı, gərək bunu qəbul edək. Həm Çempionlar Liqasında, həm daxili çempionatdakı oyunlar futbolçularımız üçün çox ağırdı. Üç güündən bir oyun keçiririk. Bunun təsiri var. Klublarımızda da inkişaf var. "Sabah"ın özü də bir möcüzədi. Möhtəşəm komanda qurublar. Çox güclü rəqibdi. "Neftçi"nin özü də. Artıq Azərbaycan premyer-liqasında da keyfiyyət artır. Amma Qubadakı stadionun vəziyyətini görəndə insan bir az məyus olur. Azərbaycanda futbolun səviyyəsini qaldırmaq istəyiriksə, infrastruktur yaxşılaşdırılmalıdı. 3-4 il ərzində "Qarabağ"ın çox yaxşı infrastrukturu olmalıdı. Klub prezidenti kimi bu, mənim arzumdu. Digər klublar da buna səy göstərməlidi.
- Bəziləri düşünür ki, "Qarabağ" Konfrans Liqasında oynasa, finala qədər gedə bilər. Siz necə düşünürsüz?
- İnsan əlindən gələni etməlidi. Biz əlimizdən gələni edəcəyik. Hamınız əmin ola bilərsiz ki, klubun içində motivasiya yüksək səviyyədədi. "Qarabağ" o qədər gözəl, müqəddəs ailədi ki... Biz savaşan komandayıq, savaşçı ruhumuz var. Çempionluq qismət olsa, Çempionlar Liqasında vuruşacağıq. Olmasa Avropa Liqasında və ya Konfrans Liqasında.