“Bu gün Səudiyyə Krallığı ilə Azərbaycan arasında hərbi və iqtisadi sahədə də əməkdaşlıq mövcuddur. İnşallah, Azərbaycanla təhsil sahəsində də əlaqələrimizi yeni səviyyəyə qaldıracağıq. Məlumat üçün bildiirm ki, Səudiyyə Ərəbistanı azərbaycanlı tələbələr üçün 127 yer ayırıb. Bu 127 yerlik kvota tibb ixtisası istisna olmaqla, bütün ixtisasları əhatə edir”.
Hafta.az yazır ki, bu sözləri Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli bu gün jurnalistlərlə söhbəti zamanı deyib.
Diplomat qeyd edib ki, bu kvotaya daxil olan tələbələrin bütün təhsil xərcləri, o cümlədən, qidalanma, yataqxana təminatı, aylıq təqaüd, tibbi sığorta və sair kimi bütün zəruri ehtiyacların qarşılanması daxildir.
“İki həftə öncə Azərbaycanın təhsil nazirinin Səudiyyə Krallığına səfəri zamanı bu proqramın aktivləşdirilməsi istiqamətində müzakirələr aparılıb. Qeyd edim ki, Aəudiyyə Ərəbistanı tərəfindən bu cür jestlər yalnız qardaş ölkələrə təklif olunur. Səudiyyə Ərəbistanı bütün elmlərin səbətidir. Krallıq Kanada, Amerika, Avropa, Yaponiya və sair elmlərini özündə birləşdirir. Bu gün Səudiyyədə ən yeni təhsil sahələri inkişaf edib. Məsələn, bu gün Səudiyyə Ərəbistanı kiber təhlükəsizlik sahəsində ilk sıralarda yer tutur. Eləcə də, astranomiya və dənizçilik elm də Krallıqda inkişaf etmiş təhsil sahələrindəndir. Ona görə də çox istərik ki, Azərbaycan bizim təhsil sahəsində əldə etdiyimiz uğurlardan faydalansın” , - səfir bildirib.